Malıbəyli - Quşçular faciəsi
(11-02-2016, 09:32)

Malıbəyli - Quşçular faciəsi11 fevral 1992-ci il tarixdə nağıllaşan dünyamıza bir Malıbəyli-Quşçular nağılı da əlavə olundu…
Cənnətməkan Malıbəyli kəndi Şuşa rayonunda, Qarabağ silsiləsində, dağətəyi ərazidə, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam - Şuşa avtomobil yolundan 2 km aralıda yerləşirdi. Təbiətin ecazkar qoynunda özünə yer almış Malıbəyli kəndi Qarabağın, Şuşanın ən iri, qədim və abad kəndlərindən hesab olunurdu. Vaxtilə kənddə hər cür şəraiti olan karvansaralar, əttar, əllaf, baqqal dükanları, aşxanalar, çayxanalar, hamam, məscid, qala divarı, kanalizasiya və s. vardı.
İşğal ərəfəsində kəndin 4 min nəfərə yaxın əhalisi vardı.Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və tərəvəzçilik hesab olunurdu. Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, məişət evi, poçt-rabitə şöbəsi, kinoqurğu, xəstəxana, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar və s. var idi. Kəndin ərazisində Qafqaz Albaniyası tayfalarından olan qarqarların və Albaniya dövlətinin adını özündə saxlayan çoxlu sayda oronim-hidronim Ağvan (Alban) çayı, Ağvan düzü, Ağvanbaşı, Alban yurdu yeri, Qarqar çayı və s.) qeydə alınmışdır.
XX əsrin əvvəllərində - 1909-cu ildə görkəmli məktəbdar ziyalı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün Azərbaycanda ilk rus-tatar məktəbi açmışdır. Malıbəyli kəndi ölkəmizə 40 tanınmış alim, neçə-neçə görkəmli mühəndis, həkim, musiqiçi, idmançı, hərbiçi və s. yetirmişdir. Bu yaşayış məntəqəsi təkcə XX əsrin II yarısında Azərbaycana 500-dən çox müəllim bəxş etmişdir. Bu mənada Malıbəyli Azərbaycan kəndləri sırasında ən öncül yeri tutur.
Malıbəyli kəndi ərazisindəki qəbiristanlıqda tarixin orta əsrlər dövrünün yadigarları olan qəbir daşlarına da rast gəlmək mümkündür. Malıbəyli qəbiristanlığında seçmə daşlardan tikilən türbələr, qəbirüstü abidələr üstünlük təşkil edir. Çox əfsuslar olsun ki, uzun zamanların sınaq tarixindən çıxmış bu qəbir abidələrimiz tədqiqatçılarımız tərəfindən vaxtında lazımi səviyyədə araşdırılmadı…
Kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan Hamam tikilisi var. Bu hamam tikilisi kompleksi 8 guşəli, çatma tağlı 2 gümbəzdən və su hovuzundan ibarətdir. Hamamın ayrıca kanalizasiya xətti, isti və soyuq suyu vardı. Bu qədim və gözəl hamam tikilisi Şərq memarlığı üslubunda inşa edilmiş, sal daşlardan - dağ və çaylaq daşlarından tikilmişdir. Qədim memarlıq sənətinin milli xüsusiyyətlərini özündə əks etdirən və qoruyub saxlayan Malıbəyli hamamından 1960-cı ilə qədər istifadədə olmuşdur. Yerli əhalinin dediklərinə görə, hamamda həftənin cümə günlərində qadınlar, qalan günlərində isə kişilər çimərdilər. Hətta, indiki Xankəndində və vaxtilə onun yaxınlığında mövcud olmuş yaşayış məntəqələrindən, eləcə də, Xanbağından və qonşu Quşçular kəndindən olan adamlar bu hamama gəlib burada çimərmişlər…
XVIII əsrdə tikilməsi ehtimal olunan Malıbəyli məscidi kəndin mərkəzindədir. Bu məscid Qarqarın çay daşlarından Şərq memarlığı üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan 9 gümbəzli bu məscidin hündürlüyü 7 metrdir. Gümbəzlər 4 böyük sal daşlar üzərində qurulmuşdur. Məscidin sütunları oyma naxış-daşlardan üzərində qurulmuşdur. Məscidin sütunları oyma naxışlardan ibarət olan gümbəzləri bişmiş kərpiclə hörülmüşdür. Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk edilmişdir. Yaraşıqlı sütunlar, divardakı oymalar, bəzəklər məscidin geniş və hündür zalına xüsusi gözəllik verir. Təəssüflər olsun ki, Qarabağda ən qiymətli abidələrdən hesab edilən bu tarixi memarlıq abidəsindən sonralar anbar kimi istifadə edilmişdir…
Malıbəyli kəndi XIX əsrdə o dövrün tanınmış nüfuzlu sahibkarı Malıbəyə məxsus ailələrin burada - bu yaşayış məntəqəsində məskən saldıqdan sonra kənd daha da böyümüş və Malıbəyli adlandırılmışdır. Kənd ərazisində aparılmış arxeoloji tədqiqatlar bunu deməyə əsas verir ki, Malıbəyli kəndi Qarabağın qədim yaşayış məntəqələrindəndir. Bəzi tarixi məxəzlərə görə, hələ erkən orta əsrlər dövründə kəndin ərazisində yaşayış olmuşdur. Qədim tarixə malik olan bu kəndin çoxlu məhəllələri olub. Hər məhəllənin öz adı vardı. Məhəllənin hər birində müxtəlif dükanlar olardı. Bu məhəllələrin küçələrinin hər biri neft lampaları ilə işıqlandırılardı…
Bəzi tətqiqatçılar Malıbəyli sözünü «malı tayfasından olan adamlar» anlamını verən etnotoponim kimi izah etməyə çalışır. Toponimin malı (bolu) etnonimindən törəndiyini bu mənada izah edənlər çoxdur. Malıbəyli oykonimi malı və bəyli komponentlərindən ibarətdir. Malı formantını bir sıra araşdırıcılar balı/bolu komponenti ilə əlaqələndirirər. Bu fikir də müəyyən mənada ağlabatan görünür. Çünki, m-b səs əvəzlənməsi Qarabağ (Şuşa) regionu üçün səciyyəvi xarakter daşıyır. Oykonimin tərkibindəki bəyli termini titul mənası ifadə edir (bu termini tayfa anlamı ilə də əlaqələndirirlər). Bəzi sənədlərdə səhv olaraq göstərilir ki, guya kənd Laçın rayonunun Malıbəy kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə allandırılsmışdır.
Quşçular kəndi (Aşağı və Yuxarı Quşçular) Şuşa rayonunda, rayon mərkəzindən 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə,Quşçular çayı sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, əkinçilik və tərəvəzçiliklə məşğul olurdu. Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Malıbəyli kəndi ilə birlikdə xəritədə Xocalı rayonu ərazisində bir adanı xatırladır.
Quşçular oykonimi keçmişdə geniş arealda və eləcə də, Qarabağda yaşamış türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tarixdən məlumdur ki, qara hun qəbilələrindən olan quşçu tayfası ayrı-ayrı vaxtlarda Azərbaycan ərazisinə bir neçə dəfə hücum etmişlər. Çox güman ki, Azərbaycanımızdakı quş komponentli toponimlər mənbələrdə adı çəkilən quşan sözü ilə əlaqədardır. Quşçular, Quşçu, Quşlar, Quşçubaba, Quşi Təzəkənd, Quşçu Ayrım, Quşçu Goran, Quşarmud, Quşqala, Quşqaya, Quşəncə, Quşqara, Quşqona, Quşdaş, Quştəpə, Quşxana, Quşçu körpüsü və s. bu tipli coğrafi adlar quş (quşçu, quşan) qədim türkdilli tayfasının adı ilə bağlı yaranmışdır. Quşan sözündəki an komponenti «çoxluq, cəmlik» ifadə edən şəkilçidir. An sözünün qazax dilində «mahnı» anlamı da var.
Türkdilli quşçu tayfasının adı ilə bağlı yaranmış coğrafi adların yayılma arealları çox genişdir. Təkcə XIX əsrdə Qafqazda quş formantı ilə bağlı 40-a qədər toponim qeydə alınmışdır. Türkdilli xalqların yaşadıqları ərazilərdə quşçu etnominə çox rast gəlirik. Quşçu etnonimi ilə bağlı toponimlərin hələ erkən orta əsrlərdə meydana çıxması ehtimal edilir. Quşçu etnoniminə həmin kökdən olan nəsilləri, tirələri bildirmək üçün etnonimin adının sonuna -lar şəkilçisi artırılaraq kəmiyyət toponimi yaranmışdır. Bir sıra tətqiqatçılar quşçuları hunlarla, kuşanlarla,qara hunlarla, bir qisim araşdırıcılar isə sarmat tayfaları arasındakı quşilərlə əlaqələndirirlər. VII əsrə aid olan bir tarixi mənbədə sarmat tayfaları arasında quşilərin (xuşilərin) də adı çəkilir. Quşilər - qədim pəhləvi qəbilələrindən birinin adıdır.
Quş (kuç) - tayfa adından formalaşmış etnotoponimdir. Quşçular türkdilli etnik birlik olub Azərbaycan, qazax, qırğız, özbək, başqırd, türkmən və digər xalqların etnogenezində yaxından iştirak etmişdir. Tarixi faktlar quşçuların qədim etnik ad olduğunu göstərir. Elxani (Hülakü) hökmdarı Olcaytu xanın dövründə (1304-1316 -cı illər) quşçu ulusu qıpçaq tayfa ittifaqına daxil idi. Bəzi mənbələrə görə, Batı xanın (1282-1284-cü illər) və Arqun xanın (1284-1291-ci illər) dövrlərində nüfuzlu sərkərdələrin əksəriyyəti Quşçu tayfalarından idi. Sonrakı tarixi dövrlərdə də quşçu tayfalarından çoxlu sayda ictimai və siyasi xadimlər yetişmişdir. Tarixdən məlumdur ki, quşçular I-III əsrlərdə Orta Asiyada Kuşan çarlığı yaratmışlar. Quşçuların Cənubi Qafqaza təxminən III əsrdə gəlmələri də mənbələrdə öz əksini tapmışdır.
Quşçulara aid olan tarixi sənədlərin birində qeyd olunmuşdur ki, Nadirin şah seçilməsinə razı olmaq istəməyən Ziyadoğlu, Otuzuki, Kəbirli, Cavanşir tayfalarının başçıları Xorasana-sürgünə yollananda Qazax və Borçalı mahalı Kartli hakiminə bəxş edilir. O zaman Kartli hakimliyinə boyun əyməyən Quşçu elinin bir qolu siyasi hadisələrlə əlaqədar Qarabağa gəlmiş, Malıbəyli kəndi yaxınlığında, indiki Aşağı Quşçular və Yuxarı Quşçular obalarını, kəndlərini özlərinə yurd yeri seçmişlər. Bu obaların yerində vaxtilə Gəncəli və Qovusarallı adlı yaşayış məntəqələri olub. Yerli əhalinin mənə verdikləri məlumatlarla da bu fikirlər demək olar ki, üst-üstə düşür. Onların dediklərinə görə, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələrini XVIII əsrin ortalarında baş vermiş siyasi hadisələrlə əlaqədar Qazax mahalından köçüb gələn quşçu tayfası tirələrinə mənsub olan ailələlər saldığı üçün oykonim də bu adla adlandırılmışdır. Oykonimlərin tərkibindəki aşağı və yuxarı sözləri fərqləndirici əlamət ifadə edir.
Tarixi məxəzlərdə quş etnonimindən formalaşmış Quşçu (Quşçular) etnotoponimi haqqında müxtəlif fikir və mülahizələr də vardır. Bəzi mütəxəssislər quşçu toponiminin mənasını səhvən «ev quşu bəsəlyən», «ov quşları yetişdirən» və s. bu kimi anlamlarda yozmağa çalışır. O da məlumdur ki, əski türklərdə körpələrin qoruyucusu, himayəçisi, zahıların müdafiəçisinə Huma quşu deyərmişlər. Amma bu və digər bu kimi fikirlər bizə əsas vermir ki, Azərbaycandakı bütün Quşçu adlı toponimləri belə fikirlərlə əsaslandırıb, əlaqələndirək. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, quşçu tayfasının adı ilə əlaqədar Goranboy rayonunda da Quşçular kəndi vardı. Vaxtilə İrəvan xanlığının Dərələyəz, Sürməli mahallarında və İrəvan quberniyasının Eçmiədzin qəzasında da Quşi adlı kənd mövcud olub. Quşi (Quşçu) tayfasının adı ilə bağlı Gəncə(Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında, İrəvan əyalətinin Məzrə və Karbi nahiyələrində də Quşçu kəndi qeydə alınmışdır…
Təəssüflər olsun ki, Qarabağ müharibəsində erməni quldurları tərəfindən zəbt olunan kəndlərimizin sıralarında Şuşanın gözəl və doğrudan da cənnətməkan Quşçular kəndinin də (11 fevral 1992-ci il) adı var.
Xalqımızın tarixində uzaq və yaxın keçmişimizin qara səhifələri çoxdur. Yaxın keçmişimizin Malıbəyli və Quşçular faciəsi də belə səhifələrdən biridir. 10 fevral 1992-ci il tarixdə erməni birləşmiş silahlı hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən güclü hücuma keçdi. Düşmənin bu hücumu heç də əvvəlkilərinə bənzəmirdi. Səhər tezdən başlayaraq kənd artilleriya qurğularından və iri çaplı pulemyotlardan atəşə tutuldu. Sinələrini düşmənin ağır texnikasına sipər etmiş qəhrəman malıbəylilər və Quşçular kəndinin cavanları əsil igidlik nümunəsi göstərərək həmin gün düşməni kəndə girməyə, əhalini girov götürməyə qoymadılar. Gecə ikən Malıbəyli kəndinin qız-gəlinləri, arvad-uşaqları, əlsiz-ayaqsız qocaları döyüşçü kənd oğlanlarının misilsiz şücaəti sayəsində itki vermədən yaşayış məntəqəsi əhalisinin ancaq bir tərəfə çıxış yolu olan qonşu Quşçular kəndinə gətirildi. Düşmənin mühasirə dalğası dəqiqələr, saatlar ötdükcə Quşçular kəndini də öz ağuşuna alırdı. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək olan əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalı, ya Ağdam (Abdal-Gülablı kəndləri istiqamətində) hərəkət etməli idi.Kənd ağsaqqal və ağbirçəklərinin uzun məşvərətlərindən sonra ikinci yolu getmək razılaşdırılır. Çünki, düşmən Xocalı istiqamətində bu əhalini qırmaq, məhv etmək və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Abdal və Gülablı kəndləri istiqamətində soyuq fevralda aşıb keçiləsi çətin olan 16 kilometrlik məsafəni qət etmək lazım gəlirdi…
11 fevral səhər saat 930 dəqiqədə Malıbəyli və Quşçular kəndlərinin əhalisi hərəkətə başladılar, keçilməz meşələri keçdilər, aşılmaz dağları aşdılar. Aşırımları aşıb keçən əhali hər an ölüm qoxuyan dəqiqələrin ağırlığından cana doymuşdu. Üstəlik Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutan ermənilər əhalinin keçə biəlcəyi yolu nəzarətə götürmüşdülər. Burada qarşıları kəsilən azərbaycanlılar ön və yan tərəflərdən atəşə tutulurdu. Üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfərlik silahlı (Malıbəyli və Quşçular kəndlərinin əli silah tuta bilən gənc və orta yaşlı adamları) demək olar ki, öz üzərlərinə götürmüşdü. Pircamal kəndi yaxınlığındakı dağ yamaclarında mövqe tutan ermənilər danışıq təklif etdilər və bu danışıqda «azərbaycanlıların silahlarını yerə qoyub Ağdam istiqamətinə arxayın və salamat keçmələri» fikrini əsas gətirdilər. Malıbəyli və Quşçular kəndlərinin camaatı (silahlılar) ermənilərin bu şərtlərinin hiylə olduğunu görüb onlarla döyüşmək məcburiyyətində qaldılar. Təpələrin başında yüksək mövqe tutmalarına baxmayaraq azərbaycanlı silahlılar onların mövqe postlarını darmadağın edib əhalinin keçəcək yolunu ermənilərdən təmizlədilər. Təbii ki, Malıbəyli və Quşçular əhalisinin də itkisi (8 şəhid, 3 girov) oldu. Bu döyüşlərdə iyirmi nəfər yaralanaraq müxtəlif dərəcəli bədən xəsarəti aldı.
Nəhayət ki, 11 fevral 1992-ci il tarixdə saat 18.00-da 9 saatlıq ağır və üzücü zaman - ÖLÜM KABUSU arxada qaldı. Beləliklə, Malıbəyli - Quşçular əhalisinin ön cərgəsi axşam saat altı radələrində Ağdam rayonunun Abdal və Gülablı kəndlərinə yetişdi. Bunları yazmaq asandır. Amma hadisələrin şahidləri danışdıqca onların keçirdiyi hiss və həyəcanı, qorxunu təsvir etməyə qələmin gücü çatmır.
Nağıllaşan ömrümüzün Malıbəyli-Quşçular faciəsi beləcə sonluqla bitdi. Yüz illər orada yaşayan həmvətənlərimiz ölkənin müxtəlif rayonlarının ərazilərinə səpələndilər. İndi DİDƏRGİN ömrü yaşayan Malıbəyli və Quşçular kəndlərinin əhalisinin doğma kəndlərini tərk etmələrindən 15 il ötür. Düz 15 ildir ki, Malıbəyli və Quşçular kəndlərinin camaatı əzablı didərgin, MƏCBURİ KÖÇKÜN ömrü yaşayır. Kaş ulu tanrı tezliklə Malıbəyli və Quşçular kəndlərinin geri qaytarılmasında bizə yardımçı olsun. O zaman və ancaq o zaman Malıbəyli və Quşçular şəhidlərinin - Abdullayev Rafiq İsmayıl oğlunun, Alıxanov Nazim Qulam oğlunun, Allahverdiyev Əli Aydın oğlunun, Quliyev Aydın Ərşad oğlunun, Quliyev Nicat Tofiq oğlunun, Quliyev Rafiq Mustafa oğlunun, Quliyev Çərkəz Əliqulu oğlunun, Eyvazova Fizzə Cümşüd qızının, Əhmədov Gündüz Valeh oğlunun, Əhmədov Möhsüm Əbdürrəhman oğlunun, Zeynalov Qaryağdı Əşrəf oğlunun, Zeynalova Nübar Kərim qızının, Zeynalova Səriyyə Tağı qızının, Kərimov Haqverdi Tapdıq oğlunun, Mehdiyev Ədalət Əlqəmə oğlunun, Mədətov Cavid Adil oğlunun, Mədətov Cəsarət Bayram oğlunun, Mədətova Yeganə Dadaş qızının, Teymurov Rizvan Rəhman oğlunun, Fərhadov Elşən Barat oğlunun, Xudiyev Sərdar Bağdadur oğlunun, Hümbətov İnqilab Niftalı oğlunun və eləcə də, didərginlik dövründə vəfat etmiş Malıbəyli və Quşçular kəndlərinin sakinlərinin ruhları sakit olar…
Malıbəyli - Quşçular faciəsi
Nazim Tapdıqoğlu (Vəlişov)
Elmi işçi, tarixçi, tədqiqatçı, “Qızıl Qələm” media mukafatı laureatı


Qanun-namine.info


Ana səhifəyə qayıt
    Oxunub: 52104

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac