Ali Məhkəmənin iclası keçirildi –Qanunu pozmuş hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edildi
(12-04-2019, 15:58)

Ali Məhkəmənin iclası keçirildi –Qanunu pozmuş hakimlərlə bağlı  Məhkəmə-Hüquq Şurasına müraciət edildiAprelin 12-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri iclası açaraq Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bildirib. Qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin olunması məqsədilə mütəmadi təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir. Xüsusilə dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı Azərbaycan Prezidentinin məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən “yol xəritəsi”dir.

R.Rzayev deyib ki, dövlətimizin başçısının imzaladığı proqram xarakterli Fərmanda məhkəmə hakimiyyətinə məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində, eləcə də işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr verilib. Fərmanda, həmçinin məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən olunmaqla yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyənləşdirilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verilib.

Bildirilib ki, Konstitusiyanın 131-ci maddəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olan Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Dövlətimizin başçısının Fərmanında qeyd olunan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, həmçinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəlilyinin artırılması üçün hər bir məhkəmə sədrinin, həmçinin ədalət mühakiməsini həyata keçirən hakimlərin üzərinə mühüm vəzifələr düşür. Bunun üçün məhkəmə sədrləri, hakimlər ədalət mühakiməsinin prinsiplərinə ciddi əməl etməklə yanaşı, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, bir sözlə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görməli, məhkəmə icraatı zamanı süründürməçiliyə və digər neqativ hallara yol verməməlidirlər. Lakin ayrı-ayrı kateqoriyaya aid işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bəzi hakimlərin fəaliyyətində hələ də həmin mənfi hallar davam etməkdədir və belə nöqsanlar onların fəaliyyətində artıq sistemli xarakter alıb.

Bildirilib ki, Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək üçün qanunamüvafiq tədbirlər görülür. Lakin Fərmanda göstərilən tövsiyələrə əməl edilməsi üçün məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən olunan sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılmasından ötrü daha çevik, mükəmməl mexanizmlərin işlənib hazırlanmasına zərurət var.

Plenumda “2016-2017-ci illərdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı baxılmış mülki işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair” nəticələr müzakirə edilib.

Ümumiləşdirmə nəticəsində müəyyən edilib ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bəzi hakimlər tərəfindən həmin işlərə baxılarkən maddi, prosessual hüquq normalarının tələblərinin pozulduğu, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvlərə yol verildiyi müəyyənləşdirilib.

Aparılmış ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin Plenumunda ətraflı müzakirə edilib, yol verilmiş nöqsanlar hakimlərin diqqətinə çatdırılıb. Kobud qanun pozuntusuna yol verən hakimlər barəsində müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına təklif edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.


Ana səhifəyə qayıt
    Oxunub: 1914

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac