Yüksək səriştəli idarəçilik nümunəsi
(18-04-2019, 16:28)

Yüksək səriştəli idarəçilik nümunəsiBiz elə etməliyik ki, Azərbaycanda kasıb adam olmasın, yoxsulluq aradan götürülsün, işsizlik tamamilə aradan götürülsün və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları daha təhlükəsiz şəraitdə yaşasınlar. Mənim Prezident kimi vəzifə borcum bundan ibarətdir. Azərbaycanda hökm sürən sabitliyin, əmin-amanlığın, asayişin də təminatçısıyam və heç kimə imkan verə bilmərəm ki, bu sabitliyi, bu əmin-amanlığı pozsun.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın gələcək inkişaf yolunu ­düzgün müəyyənləşdirməsi onun konkret ­zaman kəsiyində siyasi reallıqları obyektiv dəyərləndirərək, düzgün seçim etməsindən asılı olur. Gələcək taleyini daim qəlbən inandığı liderə etibar etmiş Azərbaycan xalqının bir il əvvələ təsadüf edən taleyüklü seçimi – 2018-ci il 11 aprel seçkiləri də məhz bu reallıqlarla şərtlənmiş, ölkəmizin keyfiyyətcə yeni mərhələyə uyğun müasirləşməsi və dayanıqlı inkişafı üçün geniş imkanlar açmışdır. Son seçkilər ən yeni tariximizə milli siyasi iradənin təntənəsi kimi düşmüş, seçicilər ölkəsinin taleyi baxımından ən düzgün və xeyirli olanı seçmişdir. Seçkilərdə inamlı qələbə qazanaraq səlahiyyətlərinin icrasına başlamış Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk günlərdən hökumətin strukturunda əsaslı islahatlara, kadr dəyişikliklərinə start verməsi, menecer təfəkkürlü, müasir dünyanın aktual çağırışlarını adekvat qiymətləndirməyi bacaran gənc və perspektivli kadrları mühüm postlara təyin etməsi Azərbaycanda sistem xarakterli islahatları daha da sürətləndirmişdir.
Dövlətimizin başçısı ötən il aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən illərdə əldə edilmiş uğurların davamlılığının təmin edilməsi baxımından dövrün tələbləri ilə səsləşən islahatların davam etdirilməsi zərurətini xüsusi vurğulamışdır: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik...Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
11 aprel seçkilərindən sonrakı mərhələnin səciyyəvi cəhəti səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılması məqsədilə demokratik ruhlu islahatların dərinləşdirilməsinə, vətəndaş cəmiyyəti institutlarının inkişafına, liberal siyasi mühitin formalaşmasına və insan hüquqlarının alililyinə xidmət edən tədbirlərin daha da genişləndirilməsidir.
Ümumilikdə, Azərbaycan Prezidenti cənab İlham Əliyev son 16 ildə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanları narahat edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb edərək, bütövlükdə ölkədə intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.
Möhtərəm İlham Əliyevin hakimiyyəti dövründə əldə olunan iqtisadi inkişaf sosial problemlərin həlli istiqamətində qətiyyətli addımların atılmasına imkan yaratmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5 faizə düşmüşdür. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur və bu, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə ­arasında 3-cü yerə yüksəlmişdir.
Dövlət başçısı hökumətin fəaliyyətini son 16 ildə özünəməxsus tələbkarlıqla təkmilləşdirmiş, “cilalamışdır”. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. “Xalqa doğru - haqqa doğru” prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını daha da artırmışdır. “ASAN xidmət”, “ASAN kommunal” və “DOST” kimi unikal xidmət mərkəzlərinin yaradılması da xalqa layiqli xidmət məramının təcəssümü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənov “İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili” məqaləsində yazır: “Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yeniləşmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Bu zaman dövlət idarəçiliyi sistemində səmərəliliyin yüksəldilməsi və müasir dövrün tələblərinə cavab verən yeni idarəetmə strukturunun formalaşdırılması zərurəti nəzərə alınmışdır”.
Son seçkilərdəki inamlı qələbəni şərtləndirən mühüm amillərdən biri də cənab İlham Əliyevin ölkədəki istənilən ekstremal vəziyyətdə operativ və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. “Bizi xalq seçib, bizim də vəzifəmiz odur ki, xalqın etimadını öz fəaliyyətimizlə doğruldaq” – deyən cənab İlham Əliyev hər hansı fövqəladə vəziyyət zamanı hökumət üzvlərini dərhal monolit komanda kimi səfərbərliyə alır, lazımi tapşırıqlar, göstərişlər verir.
Ölkə vətəndaşları çətin anlarda ilk dəstəyi həmişə inanaraq etimad göstərdikləri liderdən gözləyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ səlahiyyətlərinin icrasına başladığı ilk aylarda – 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdir.
2005-ci ilin iyun ayında “Bakı Soveti” stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına zəruri yardımlar edilməsi barədə tapşırıqlar vermişdir.
2007-ci il avqustun 29-da Bakının Yasamal rayonu ərazisində hündürmərtəbəli binanın uçmasına göstərilən çevik reaksiyanı da xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal hadisə yerində olaraq uçqunun altında qalmış insanların xilas edilməsi, hadisənin səbəblərinin tam araşdırılaraq lazımi ölçü götürülməsi barədə göstərişlər vermişdir.
Kürətrafı ərazilərin su altında qalması zəminində yaranmış fövqəladə vəziyyətlə bağlı 2010-cu il mayın 7-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə dövlət başçısının ölkə vətəndaşlarının problemlərinə böyük həssaslıqla yanaşdığını göstərmişdir.
Zaqatalada zəlzələdən zəzərçəkmiş insanlar üçün yeni fərdi evlərin inşası, Misirdəki gərgin vəziyyətlə bağlı orada yaşayan azərbaycanlıların xüsusi təyyarə ilə təxliyə olunması, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya olunarkən dərhal əfv edilməsi, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşməndən geri alınması, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması kimi faktlar cənab İlham Əliyevin fəaliyyətində insan və vətəndaş amilinin daim ön planda dayandığını göstərir.
Təkcə son aylarda atılan addımlar – Şamaxı və Ağsu rayonlarında zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin inşası, Bakının Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanması ilə əlaqədar sahibkarlara kompensasiyaların verilməsi insan amilinin cənab İlham Əliyevin yürütdüyü siyasətdə daim prioritet olduğundan xəbər verir.
Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqe tutur, mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Bütün bunlar da hər bir dövlət rəhbərindən siyasi peşəkarlıq, erudisiya, uzaqgörənlik, praqmatizm, qətiyyətlilik, ən başlıcası, xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.
Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra ölkə başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə bölücülük və qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlamışdır.
Dövlət başçısı cənab İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır.
Təkcə bunu demək lazımdır ki, 2019-cu ilin Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı imzalayan Prezident, adı qərəzli şəkildə “siyasi məhbuslar” siyahısına salınan insanların böyük əksəriyyətini bağışlayaraq, bəhanələri tamamilə aradan qaldırmış, eyni zamanda, yüksək humanizm və insanpərvərlik nümayiş etdirmişdir.
Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarına uyğun yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını da vacib sayır. Prezidentimizin 2019-cu il 14 yanvar tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı idarəetmə sistemində çevikliyin və effektivliyin təmin olunması baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu islahatların məqsədi sürətli sosial-iqtisadi inkişafla yanaşı, eyni zamanda, Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıtmaqdadır.
Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı da keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq sistemində əsaslı yeniləşməni və müasirləşməni təmin etmək, vətəndaşların qanuni mənafelərinin təminatı naminə ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək məqsədini daşıyır. Fərmanda müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuş, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın sosialyönümlü siyasət strategiyası son bir ildə yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, dövlətimizin başçısı inqilabi səciyyə daşıyan sosial islahatlar paketini praktiki surətdə gerçəkləşdirmişdir. Minimum əməkhaqqının, şəhid ailələri və məcburi köçkünlər üçün aylıq müavinətlərin, tələbə təqaüdlərinin artırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi bu tədbirlərin əsas qismini təşkil edir. Dövlətimizin başçısının bu ilin fevral ayında imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı isə banklara borcu olan 10 minlərlə vətəndaşın probleminin həlli baxımından son dərəcə mühüm və humanist addımdır.
Prezident İlham Əliyevin yüksək siyasi iradəsi və qətiyyəti ilə son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ordu quruculuğu istiqamətində atılan addımları da xüsusi vurğulamaq lazımdır. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar – düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması bunun əyani göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Vətən oğullarının ailələri ilə görüşməsi, onların dərin kədərini, ağrı-acısını bölüşməsi, başsağlığı və təsəlli verməsi də milli vətənpərvərlik ruhunun güclənməsinə xidmət edən addımlardan idi.
11 aprel seçkilərindən sonra – 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin, o cümlədən Şərur rayonunun Günnüt kəndinin, Yerevan-Gorus-Laçın yolunun nəzarətə götürülməsi də mühüm uğurlar sırasında xüsusi qeyd olunmalıdır.
Əminliklə demək olar ki, ölkədə yürüdülən siyasət vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır və yüksək dəstək alır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili” məqaləsində bu barədə yazır: “Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən bir il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu fikri Fransanın “Opinion Way” şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunları da təsdiq edir. Təşkilatın Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində apardığı sorğularda respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 1 illik əzmkar fəaliyyəti təsdiqləyir ki, respublikamızda geniş vüsət alan iqtisadi modernləşmə və inamla reallaşdırılan sosialyönümlü islahatlar paketi, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin gətirilməsi, yeni texnologiyaların mənimsənilməsi və tətbiqi prinsiplərinə əsaslanır. Məhz bu transformasiya davamlı iqtisadi inkişafı şərtləndirməklə, ölkədə dövlətçilik ənənələrinin möhkəmlənməsini, hakimiyyətlə xalqın yaxın mənəvi bağlılığını təmin edir. Yürüdülən siyasət deməyə əsas verir ki, respublikamız yaxın illərdə inkişaf etmiş ölkələrlə bir sırada dayanmaq imkanı əldə edəcəkdir.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru


Ana səhifəyə qayıt
    Oxunub: 6177

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac