Energetik içkilərlə bağlı - QADAĞALAR QÜVVƏYƏ MİNİR – YENİ QAYDALAR
(7-10-2019, 10:41)

Energetik içkilərlə bağlı - QADAĞALAR QÜVVƏYƏ MİNİR – YENİ QAYDALARQida Təhlükəsizliyi Agentliyi (AQTA) energetik içkilərlə bağlı yeni qaydaları təsdiqləyib. Qanun-namine.info FED.aza istinadən xəbər verir ki, «Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları» 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Qaydalar energetik içkilərlə bağlı minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Qaydalara əsasən enerji içkiləri ilə bağlı yeni qadağalar da qüvvəyə minəcək. Belə ki, enerji içkisinin üzərində «Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir», «18 yaşdan aşağı şəxslərə satışı qadağandır», «Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur», «Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir» yazıları olmalıdır.

Qaydaların təam mətni aşağıdakı kimidir:

ENERJİ İÇKİLƏRİNƏ DAİR MÜVƏQQƏTİ SANİTARİYA NORMALARI VƏ QAYDALARI (AZ SNQ 001 - 2019)

1. Ümumi müddəalar

1.1. Tənzimləmə predmeti:

1.1.1. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” (bundan sonra - sanitariya normaları və qaydaları) bu məhsulların minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

1.1.2. Sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb və 15 İyul 2019-cu il tarixli iclasda İnstitutun Qida Təhlükəsizliyi üzrə Elmi Komitəsi tərəfindən bəyənilib.

1.2. Sanitariya normaları və qaydalarının məqsədi:

Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir.

1.3. Sanitariya normaları və qaydalarının tətbiq sahəsi:

1.3.1. Sanitariya normaları və qaydaları tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və / və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.

1.3.2. Sanitariya normaları və qaydaları təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan içkilərə şamil edilmir.

1.3.3. Sanitariya normaları və qaydaları idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

1.4. Enerji içkisinin anlayışı:

Enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və / və ya antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir.

2. Enerji içkilərinə dair sanitariya normaları

2.1. İstehsal normaları:

2.1.1. Enerji içkilərinin 100 ml-də olan maddələrin miqdarı aşağıda göstərilmiş normalardan çox olmamalıdır:

Tərkibindəki maddələr Yol verilən maksimum miqdarı, mq/100 ml

Kofein 32

Taurin 400

İnozitol 20

Qlükoronolakton 250

Kreatin 1

2.1.2. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir.

2.1.3. Enerji içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır.

2.1.4. Enerji içkilərinin tərkibində bu sanitariya normaları və qaydalarının 4-cü hissəsində sadalanan maddələrdən kənar digər maddələr istifadə olunduğu halda, onun mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyəti və / və ya antisedativ təsiri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi araşdırmalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında məhsulun enerji içkisi olub-olmaması müəyyən edilir.

2.2. Qablaşdırma normaları:

2.2.1. Enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır.

2.3. Daşınma və saxlanma normaları:

2.3.1. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.

3. Enerji içkilərinə dair sanitariya qaydaları

3. 1. Qablaşdırma qaydaları:

3.1.1 İstehlak tarası və bağlama vasitələri bu məhsulla təmas zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.

3.2. Etiketlənmə qaydaları:

3.2.1. Enerji içkisi ilə doldurulmuş istehlak tarasının hər birinin etiketində məhsulu xarakterizə edən aşağıdakı məlumatlar olmalıdır:

- istehsalçının adı, ünvanı və əmtəə nişanı (əgər varsa);

- içkinin adı, növü və tərkibi;

- içkinin qida və enerji dəyərliliyi;

- içkinin tərkibindəki maddələrin miqdarı;

- içkinin miqdarı (çəkisi);

- saxlanma şərtləri;

- istehsal tarixi və yararlılıq müddəti (istehlak tarasının üzərində);

- içkinin istifadə qaydaları;

- “Enerji içkisi” yazısı;

- "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir" yazısı;

- “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı;

- "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı;

- "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı.

Etiketin üzərində əlavə olaraq aşağıdakılar göstərilə bilər:

- “Soyuq halda için” yazısı;

- informasiya və reklam xarakterli yazılar.

3.2.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə Azərbaycan Respublikasına idxal edilən enerji içkilərinin üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Reklam xarakterli əlavə məlumatlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq göstərilməlidir.

3.3. Daşınma və saxlanma qaydaları:

3.3.1. Enerji içkilərinin yararlılıq müddəti istehsalçı tərəfindən, müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyanın apardığı sanitar-bioloji tədqiqatlara əsaslanaraq müəyyən olunur.

3.3.2. Yararlılıq müddəti daşınma və saxlanma şəraitinə əməl olunduqda qüvvədədir və bu müddət ərzində məhsulun orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik göstəricilərinin sabit qalmasına görə məsuliyyəti istehsalçı daşıyır.


Ana səhifəyə qayıt
    Oxunub: 796

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac