BSU tələbələrinin Primakovun yubileyi ilə bağlı müsabiqədə iştirakı etiraz doğurdu –Açıqlama + FOTO
(31-10-2019, 10:16)

BSU tələbələrinin Primakovun yubileyi ilə bağlı müsabiqədə iştirakı etiraz doğurdu –Açıqlama + FOTOBakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində qalib olmaları sosial şəbəkələrdə ciddi tənqid edilib.

Xatırladaq ki, Y. Primakov Azərbaycan xalqının yaddaşında Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzünün təşkilatçılarından biri kimi yadda qalıb.

Həmin şəxsin xatirəsinə esse müsabiqəsi keçirilməsini isə bir sıra şəxslər cinayət adlandırıb. Belə ki, məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının liderlərindən olan Etibar Məmmədov, eks-Müsavat başqanı İsa Qəmbər və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu kəskin reaksiya veriblər və bunu 20 Yanvar şəhidlərimizə qarşı böyük hörmətsizlik kimi dəyərləndiriblər.

Qeyd edək ki, müsabiqədə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri iştirak edib. Qalibləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatlandırıb.

Məsələ ilə bağlı Bakı Slavyan Universiteti açıqlama yayıb.

Açıqlamada deyilir:

“2019-cu il oktyabr ayının 30-da sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin haqqında reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib. Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır. Həmin yazıya cavab olaraq bildiririk ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Diqqətinizə çatdırmaq istəyirik ki, hazırda BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Həmin tədris-mədəniyyət mərkəzlərindən bir də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirdlərdə mütəmadi olaraq iştirak edirlər. Eyni zamanda BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

Həmin yazıda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bidirmək istəyirik ki, Nurlana Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edən bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır.

Universitetin kollektivi belə həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən, siyasi partiya funksionerlərindən dövlət və dövlətçiliklə bağlı belə siyasi mövzulara real və həssas yanaşmağı, ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrə obyektiv yanaşmağı xahiş edirik”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac