Modernləşməyə aparan iqtisadi islahatların banisi
(8-05-2019, 15:18)

Modernləşməyə aparan iqtisadi islahatların banisiDavamlı iqtisadi inkişafın, tərəqqinin əsasında nə dayanır? Nə üçün heç bir yeraltı və yerüstü sərvəti olmayan hansısa bir ölkə ciddi makroiqtisadi uğurlara imza ata, beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirə, dinamik artım tempini qoruyub saxlaya bilir, iri neft-qaz şirkətlərinin fəaliyyət göstərdiyi bəzi dövlətlərdə isə iqtisadi tənəzzül hökm sürür, əhali acınacaqlı şəraitdə yaşayır. Bu qeyri-müəyyənlik nə ilə bağlıdır? Suala cavab məqsədilə belə bir fakta diqqət yetirək. Bir neçə il bundan əvvəl qlobal maliyyə-iqtisadi böhran ən çox neft-qazla zəngin olan ölkələrə təsir göstərdi, hətta neft-qaz şirkətlərinin müəyyən hissəsi iflasa uğradı. Eyni zamanda, həmin dövlətlər kəskin büdcə kəsrləri ilə qarşılaşaraq, neft ixracatından asılı vəziyyətə düşmək təhlükəsi ilə üzləşdilər. Deməli, iqtisadiyyatın inkişafı heç də neft-qaz amili ilə bağlı deyil. Əsas məsələ dövlət idarəçiliyinin uzun illər ərzində formalaşan və təcrübədən uğurla çıxan çevik mexanizmlər əsasında həyata keçirilməsi, monetar və fiskal tənzimləmə metodlarından səmərəli istifadə olunması ilə əlaqədardır. Bu məqamda iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ronald Kouzun sözlərini xatırlatmaq yerinə düşür. O yazırdı: ”Dayanıqlı iqtisadi inkişaf, ilk növbədə, çevik mexanizmlərdən, institusional islahatlardan, həmçinin monetar və fiskal tənzimləmə metodlarından qaynaqlanır. Bu zaman siyasi iradə və liderlik -institutunun mövcudluğu da vacib şərtdir”.

R.Kouz daha sonra qeyd edirdi: “Keçmiş sosializm düşərgəsinə daxil olan dövlətlərin liderləri bazar iqtisadiyyatına keçmək həllini tapmaqda çətinlik çəkirlər. Bazara keçmək üçün əvvəlcə bazarın səmərəli fəaliyyətini təmin edən institutları yaratmaq lazımdır...”. Avstriya iqtisadi məktəbinin görkəmli nümayəndəsi, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı F.Hayek isə bildirirdi ki, bazar iqtisadiyyatı müəyyən prinsiplərə əməl olunması ilə yanaşı, həm də bazara keçid qanunlarını ölkənin maddi-mənəvi potensialına yaradıcılıqla uyğunlaşdırmağı tələb edir. Bu fikirlərin ulu öndər Heydər Əliyevin Azərbaycanda reallaşdırdığı siyasi, sosial-iqtisadi islahatları nəzərdən keçirməklə həqiqət olduğunu görə bilərik. Əvvəlcə dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi sovet dönəminə nəzər salaq. Burada, ilk növbədə, onu qeyd etməliyik ki, müstəqil Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı mühüm uğurlar ümummilli liderin hələ ötən əsrin 70–80-ci illərində uzaqgörənliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanmışdır. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev ölkəmizin keçmiş İttifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və buna nail olmuşdur. Şübhəsiz ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını düzgün qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çatışmazlıq və nöqsanlar haqqında səhih təsəvvürə malik olan ulu öndər praqmatik liderlik keyfiyyətləri sayəsində qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmiş, dayanıqlı iqtisadi inkişaf sayəsində cəmiyyətdə inklüzivliyinin və sosial rifahın artırılmasını təmin etmişdir. Bütün həyati əhəmiyyətli sahələrdə yüksək tərəqqiyə imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycan bu gün dünya miqyasında, həm də özünəməxsus milli inkişaf modeli ilə tanınır. Şübhəsiz ki, bu məsələdə Nobel mükafatı laureatı R.Kouzun iqtisadi inkişafda şəxsiyyətin mühüm rolu barədə irəli sürdüyü fikirlər də əsas rol oynayıb. Aparılan təhlillər nəticəsində birmənalı etiraf edilir ki, hazırda Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyinin uzun illər ərzində formalaşan və təcrübədən uğurla çıxan siyasətinin Prezident İlham Əliyev tərəfindən çevik mexanizmlər əsasında həyata keçirilməsi, monetar və fiskal tənzimləmə metodlarından səmərəli istifadə olunması ilə əlaqədardır. Son 15 ildə əsaslı iqtisadi islahatların uğurla reallaşdırılmasında, hər şeydən əvvəl, cəsarətli siyasi qərarların qəbul edilməsi, siyasi və ideoloji istiqamətlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılması kimi məsələlər mühüm rol oynamışdır. Aydın həqiqətdir ki, siyasi impuls olmadan iqtisadi və institusional islahatları da həyata keçirmək mümkün deyil. İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri bu baxımdan xüsusi maraq doğurur: “İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi – bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük...”. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayanda respublikada iqtisadi tənəzzül yaşanırdı, iqtisadi potensial dağılmaq üzrə idi. Belə şərait isə, təbii ki, xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərirdi, insanların sabaha inamını qırırdı. Ulu öndər bu ağır vəziyyətdən çıxış yolunu işlək proqramlar əsasında iqtisadiyyatda köklü struktur dəyişikliklərinin gerçəkləşdirilməsində, təsərrüfatçılığın müasirləşdirilməsində və həvəsləndirmə metodlarına geniş yer verilməsində, müəssisə və təsərrüfatlarda icra intizamının gücləndirilməsində görürdü. Elə buna görə də deyirdi: “Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur”. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev o dövrün siyasi, sosial-iqtisadi mənzərəsini son dərəcə dəqiqliklə diqqətə çatdıraraq yazmışdır: “Ötən əsrin 60-cı illərinin sonunda keçmiş SSRİ-nin inzibati-ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meyilləri aşkar görünürdü. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, mənfi meyillər və təzahürlər getdikcə daha dərin kök salır, hakimiyyət uğrunda səhnəarxası mübarizə ifrat dərəcəyə çataraq eybəcər formalar kəsb edir, respublikanın iqtisadi potensialının zəifləməsi isə xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı”. Dahi öndər Azərbaycanı böhranlı şəraitdən çıxarmaq üçün əvvəlcə əsas diqqəti respublikada maşınqayırma müəssisələrinin, zəngin yerli xammaldan məhsul hazırlanması üzrə digər sənaye obyektlərinin yaradılmasına yönəltdi. Bu isə keçmiş SSRİ rəhbərliyinin Azərbaycanı ilk növbədə xammal əlavəsi kimi saxlamaq siyasətinin nəticələrini aradan qaldırmaq məqsədindən irəli gəlirdi. Ümummilli liderin uzaqgörən siyasəti ilə qısa müddətdə iqtisadiyyatda ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. İstehsalın artırılması məqsədi ilə elmi-tədqiqat sahələrinin genişləndirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycan ötən əsrin 70-ci illərində məişət kondisionerləri, elektrik mühərrikləri, neft maşınqayırması, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə keçmiş İttifaq miqyasında mühüm göstəricilər əldə etdi. Beləliklə, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tədricən xammal əlavəsindən müasir texnologiya əsasında hazır məhsul istehsalını həyata keçirən və onu ixrac edən respublika kimi tanınmağa başladı. Bu fikrin təsdiqi kimi həmin dövrün statistikasına qısaca nəzər salaq. Belə ki, 1971-1985-ci illərdə Azərbaycanda 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamış, 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmış, istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər olmuş, aqrar sahədə səmərəli idarəçilik və mütərəqqi texnologiyalar əsasında yüksək göstəricilər əldə edilmişdir. Azərbaycanda müxtəlif sahələr üzrə istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dönəmində digər statistik məlumatlar da o zaman ölkəmizin keçmiş ittifaqda sosial-iqtisadi sahələrdə dinamik inkişaf yolu ilə inamla irəliləyən, özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrildiyini aydın göstərir: 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır. Həmin dövrdə ittifaq miqyasında istehsal olunan neft-mədən avadanlığının 70 faizi, elektrik mühərriklərinin 12,2 faizi, elektrik qaynaq avadanlığının 10,5 faizi, məişət kondisionerlərinin 100 faizi, soyuducuların 5,7 faizi, pambıq ipliyinin 9,6 faizi, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşmüşdür. Yeri gəlmişkən, Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi sahədəki sadalanan uğurlar Azərbaycanın yenidən qazandığı müstəqilliyinin bazisini, təməlini təşkil etmişdir. Akademik Ramiz Mehdiyev bu məqamı dəqiq ifadə edərək yazmışdır: “Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir”. Ümummilli liderin uzaqgörənliklə gələcək müstəqil Azərbaycanın iqtisadi potensialını gücləndirmək, tərəqqi, inkişaf üçün əsaslı zəmin hazırlamaq məqsədini ifadə edən bir fakta da nəzər salaq: 1970-80-ci illərdə Heydər Əliyevin Azərbaycanın neft və qaz sənayesinin inkişafı, bu sahədə intellektual baza formalaşdırması məsələlərini diqqətdə saxlaması müstəqillik dövründə yeni neft strategiyasının uğurla həyata keçirilməsini şərtləndirən əsas cəhətlərdən biri olmuşdur. Məsələn, Bakı Neftayırma zavodunun əsaslı surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi, Dərin Özüllər zavodunun tikilməsi, Xəzər dəniz neft donanmasının genişləndirilməsi bunun bariz ifadəsidir. Bununla bağlı Prezident İlham Əliyev 2017-ci il noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə demişdir: “1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə vermişdir, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılmışdır. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirmişdir. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır”. Heydər Əliyevin neft sənayesinin inkişafındakı xidmətlərindən söz düşmüşkən, onu da vurğulayaq ki, ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ulu öndərin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması ilə ölkəmizin gələcək iqtisadi inkişafı şərtləndirildi. Bu məsələ ilə bağlı Heydər Əliyev demişdir: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Ümummilli liderin əzmkarlığı və uzaqgörənliyi sayəsində 1994-cü il sentyabr ayının 20-də imzalanan “Əsrin müqaviləsi”, eləcə də gerçəkləşdirilən digər neft-qaz layihələri ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsası qoyulmuş, ölkəyə investisiyaların cəlb olunması sürətlənmişdir. Eyni zamanda, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı –Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə, Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına və beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olunmuşdur. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının reallaşdırılması üçün ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı – Tbilisi – Ərzurum qaz kəmərinin inşasına başlanılmışdır. Neft-qaz layihələri Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etməklə yanaşı, regionun siyasi-iqtisadi mənzərəsinin dəyişməsinə təkan vermiş, dövlətimizin regionda geostrateji mövqelərinin möhkəmlənməsinə şərait yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı müvafiq fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradılmış, bu qurumun fəaliyyətinin əsasını isə Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fəlsəfəsi təşkil etmişdir. O vaxtdan etibarən Dövlət Neft Fondu neft və qaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi prinsipinə sadiqdir. Ulu öndərin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsaitinin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi də həmin prinsipin gerçəkləşdirilməsinin bariz ifadəsidir. Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dönəmində təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər sahələrində də formalaşdırılan güclü potensial Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə dahi şəxsiyyət tərəfindən müasir milli inkişaf modelinin hazırlanmasına, qeyri-neft sektorunun tərəqqisinə mühüm təsir göstərmişdir. Ən başlıcası isə mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu sosialist sistemindən azad bazar iqtisadiyyatına keçidin reallaşmasına əlverişli zəmin yaratmışdır. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda yenidən rəhbərliyə başlayanda respublikada siyasi, sosial-iqtisadi sahələrdə dərin böhran, tənəzzül hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi, həmçinin erməni işğalı ilə üzləşmişdi. Belə ağır, üzücü şəraitdən xilas olmaq üçün ulu öndərin müdrikliyi və əzmkarlığı sayəsində 1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildi. Daha sonra isə ölkənin sosial-iqtisadi inkişafı, silahlı qüvvələrimizin yenidən qurulması məsələləri diqqət mərkəzinə yönəldildi. Xatırladaq ki, Heydər Əliyev bu dövrdə tənəzzüldən xilas yolunu güclü dövlət tənzimlənməsində, iqtisadiyyatın sabitliyinin təmin edilməsində, radikal islahatların reallaşdırılmasında, iqtisadi dirçəlişə nail olunmasında görürdü: “Respublika iqtisadiyyatı, demək olar ki, dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır vəziyyətdən çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”. Heydər Əliyevin ölkə daxilində siyasi sabitliyi təmin etməsi, kompleks islahatlar proqramını həyata keçirməsi nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin olundu, 1997-ci ildən isə inkişaf meyilləri nəzərə çarpmağa başladı. Yeri gəlmişkən, həmin dövrdə ümummilli liderin rəhbərliyi ilə iqtisadi inkişafa zəmin yaratmaq məqsədi ilə həyata keçirilən tədbirlərə və onların müsbət nəticələrinə qısaca nəzər salaq. İqtisadiyyatda liberallaşmanı reallaşdırmaq üçün xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin formalaşdırılmasına başlanıldı, investisiya qoymaq istəyən ölkələr üçün əlverişli münbit şərait yaradıldı. Yerli və xarici investisiyaların cəlbi, müasir texnologiyaların tətbiqi sürətləndirildi, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin qurulmasına, infrastrukturun yeniləşdirilməsinə mühüm önəm verildi. Bütün bunlar isə özəl sektorun, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, iş adamlarının cəmiyyətdəki mövqelərinin güclənməsinə müsbət təsir göstərdi, yeni iş yerlərinin açılmasına əlverişli şərait yaratdı. Burada tarixi əhəmiyyət daşıyan bir məqamı da xatırlatmaq yerinə düşərdi. Heydər Əliyev Azərbaycana yenidən siyasi rəhbərliyə başlayanda aqrar sektorun bazar prinsipləri əsasında qurulmasını, torpaq sahəsi üzərində mülkiyyət hüququnun reallaşdırılmasını da mühüm vəzifə kimi qarşıya qoydu. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında MDB-də ilk olaraq 1995-ci ildən başlanan aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın özəlləşdirilməsi kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Torpaq islahatı nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanıldı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin edilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi və onlar torpaq vergisindən başqa digər vergi ödəmələrindən azad olundu. Sosial ədalətə söykənən və 1993-2003-cü illərdə ulu öndərin 52-dən artıq fərman və sərəncamı ilə qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin reallaşdırılması nəticəsində Azərbaycanda bu sahə tədricən dirçəlməyə, inkişafa başladı. Bununla da möhtərəm dövlət başçımızın dediyi kimi, “Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin
parlaq təzahürüdür”. 1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması idi. Bu, təsadüfi deyildi. Çünki Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu bilirdi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin həmin vaxt müəyyənləşdirdiyi və rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönələn tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilirdi. Azərbaycanın əlverişli geosiyasi mövqeyini nəzərə alan Heydər Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi layihələrinin reallaşmasına da xüsusi əhəmiyyət vermişdir. Ümummilli liderin təşəbbüsü ilə 1998-ci ilin sentyabr ayında TRASEKA layihəsinə dair ilk beynəlxalq konfransın Bakıda keçirilməsi də bunun bariz ifadəsi idi. Həmin konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdilər. Tədbirdə layihənin reallaşdırılmasının iqtisadi və texniki tərəflərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında Çoxtərəfli Əsas Saziş” adlanan çox mühüm bir sənəd qəbul olundu. TRASEKA proqramı çərçivəsində dəmir yolu sahəsində həyata keçirilən ən böyük layihə isə Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi idi. Bu dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalandı. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyuldu. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirildi. Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim reallaşdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar
ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev yazır: “Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır”. Bu fikrin təsdiqi kimi ötən 16 il ərzində Prezident İlham Əliyevin ulu öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarının möhkəmləndirməsini ifadə edən faktlara diqqət yetirək. İlk növbədə onu xatırladaq ki, dövlətimizin başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənən fəaliyyəti ölkəmizin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Bunun nəticəsində isə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almış, Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilmişdir. Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi- Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, TANAP kimi strateji əhəmiyyətli tarixi layihələr reallaşdırılmışdır. Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir. İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və başqa işlər davam etdirilmişdir. İqtisadiyyatın şaxələndirilməsi və sənayenin modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri də telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan üç gəmi – iki “Azerspace” və “Azersky” kosmosa buraxılmışdır. Beləliklə, Azərbaycan “kosmik ailə”nin azsaylı üzv dövlətlərindən birinə çevrilmişdir. Son illərdə ölkəmizin maliyyə imkanları güclənmiş, dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmi xeyli artmışdır. Belə ki, dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq, 2003-cü ildəki 1,2 milyard manatdan 2018-ci ildə 20,1 milyard manata çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, eləcə də yeni inkişaf mərhələsinin tələb və şərtlərini nəzərə alaraq, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan 2018-ci il 29 yanvar tarixli konfransda milli iqtisadiyyatımızın cari və perspektiv inkişafı ilə bağlı sistemli və çoxşaxəli vəzifələr müəyyən etmişdir. İqtisadiyyatı şaxələndirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi, o cümlədən institusional islahatların, strateji layihələrin icrasının davam etdirilməsi, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması və idxalın əvəz edilməsi, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və irriqasiya sahəsində tədbirlərin görülməsi, inflyasiyanın, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və infrastruktur layihələrinin icrası kimi vəzifələr hazırda Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətləri olaraq uğurla həyata keçirilir. Sonda onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb, ölkənin qüdrəti artıb, siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Bu isə iqtidara xalqın böyük etimadını səciyyələndirən mühüm göstəricidir.
İsaxan Vəliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru



Ana səhifəyə qayıt
    Oxunub: 1392

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac