HƏSRƏT DOLU İLLƏR – povestin ardı
(8-01-2019, 15:54)

HƏSRƏT DOLU İLLƏR – povestin ardıBir həftədən sonra artıq Bakıdakı evimizə yığışmışdıq. Evimizə yaxın orta məktəbdə oxumalı idim. Özümü daha yaxşı hiss edim deyə atamın məsləhəti ilə dərsləri daha üç gün buraxmalı oldum.

Dərmanları vaxtlı-vaxtında qəbul etməyimə, qidalanma və yuxu rejimimi pozmamağıma anam ciddi nəzarət etdiyindən sürətlə normal həyatıma qayıtmaqda idim. Rayondan Bakıya köçməyimiz məni yorucu xatirələrdən qismən də olsa azad etmişdi. Yəqin ki, sürətlə sağalmağımda bunun da rolu az deyildi.

Yeni həftə başlayanda məktəbə getdim. Sinif rəhbərimiz Gülxar müəllimə məni şagird yoldaşlarıma təqdim edərək dedi:

– Uşaqlar, yeni sinif yoldaşınız Bəhrəm Məmmədov səkkizillik məktəbi yalnız əla qiymətlər və nümunəvi əxlaqla başa vurub. Ziyalı ailənin övladıdır. İndiyə qədər rayonda yaşamasına baxmayaraq, rus, ingilis və fransız dillərində sərbəst danışır. Onunla səmimi dost olacağınıza inanıram.

Sinif rəhbərimizin məni bu şəkildə təqdim etməsi məsuliyyətimi birə-on artırdı. Odur ki, evə verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməklə bərabər, xəstələnməyimlə əlaqədar buraxmalı olduğum dərslərin materiallarını da tədricən oxuyaraq mənimsəyirdim.

Bakıya köçdükdən iki həftə sonra artıq özümü gümrah hiss edirdim. Lakin dərmanımın qəbulunu hələ də dayandırmamışdım. Doktor Qaracayev xəbərdarlıq etmişdi ki, bir müddətdən sonra xəstə

özünü yaxşı hiss etməyə başlasa da, təyin olunmuş dərman axıra qədər qəbul olunmalıdır. Müalicə kursunu yarımçıq qoymaq son dərəcə ağır nəticə verə bilər.

Tədricən dərslərimlə daha səylə məşğul olurdum. Bunun sayəsində dərsburaxma nəticəsi olaraq yaranmış geriliyi on beş gündən sonra tamamilə aradan qaldırdım.

Doktor Qaracayevin yazdığı dərmanlar qurtardıqdan sonra atam məni yaxın dostu, o zaman Azərbaycanda xeyli məşhür olan psixiatr Zakir Abasquliyevin qəbuluna apardı. Professor məni əsaslı müayinə etdikdən sonra dedi:

– Mərdan müəllim, hazırda oğlunuz praktik olaraq sağlamdır, lakin depressiya belə bir psixi xəstəlikdir ki, bir müddətdən sonra təkrarlana bilər. Onun təkrarlanmaması üçün oğlunuz mütləq yuxunun və qəbul olunan qidanın kəmiyyət və keyfiyyətinə diqqət yetirməlidir. Sutka ərzində eyni vaxtda yatmaq və yuxudan qalxmaq, eləcə də vaxtlı-vaxtında keyfiyyətli qida ilə qidalanmaq tələb olunur. Hər gün təmiz havada gəzintiyə çıxmaq, təbiətin yaratdığı bütün gözəllikləri duyaraq, dəyərləndirərək yaşamaq olduqca vacibdir. Bunlardan əlavə, səhərlər yarım saata qədər gimnastika etmək sinir sisteminin möhkəmləndirilməsi üçün əvəzolunmazdır. Belə həyat tərzi oğlunuzu kədər doğuran hadisələrdən, əsəb sarsıntılarına səbəb ola biləcək düşüncələrdən uzaq tutaraq onu təkrar depressiyadan qoruyar.

Atam professora öz dərin minnətdarlığını bildirdikdən sonra evimizə döndük. Sağaldığım barədə xəbər evdə hər kəsi çox sevindirdi.

Yeni şagird yoldaşlarımla tez dil tapdıq, hətta hərdən dərsdən sonra bir neçə oğlan və qız bir-birimizə qoşulub “Yasamal bazarı”nın yaxınlığında yerləşən “Sevil” kino-teatrında (o kino-teatrın yerində indi yaraşıqlı bir yaşayış binası ucaldılıb) nümayiş etdirilən yeni filmlərə baxır, şəhərin mərkəzindəki teatrlara, müzeylərə gedirdik.

Mən Bakının gözəlliyindən böyük zövq alırdım. Dağüstü parkdan Bakının gecələrini seyr etməyi, Dənizkənarı Parkda (indi Dənizkənarı Milli Park) gəzməyi, həm də təkcə gəzməyi çox sevirdim. Əslində tək gəzmirdim, Qızılgülün xəyalı daim mənimlə bərabər olurdu.

Dənizkənarı parkın gözəlliyindən doya bilmirdim. Bu park xüsusən də yazda çox gözəl olurdu. Hər həftənin bazar günü dənizkənarı parkda iki saata qədər vaxt keçirməklə əsaslı istirahət edir, qarşıdakı həftə üçün yeni qüvvə toplayırdım. Gəzintiyə bir qayda olaraq axşamlar çıxırdım. Səma aydın olan zaman ulduzların bərq vurmasına tamaşa etməyin öz ləzzəti var. Mən ulduzlara tamaşa edə-edə düşünürdüm ki, görəsən indi Qızılgül haradadır, göy üzünün bu əsrarəngiz gözəlliyinə o da tamaşa edirmi? Görəsən rayondakı məktəbimizin bağçasında yaşadığımız möhtəşəm dəqiqələri o da xatırlayırmı? Bütün bu suallar, bir qayda olaraq, havadan asılı qalır və məni kədərləndirirdı.

Bakıda vaxt sürətlə keçirdi. Artıq dekabr ayının əvvəlləri idi. Şəhərə xeyli qar yağmışdı. Deyilənə görə, son iyirmi ildə Bakı sakinləri bu qədər qar görməmişdilər. Şəhərdə hərəkət xeyli çətinləşdiyindən məktəblərdə dərslər bir neçə günlüyünə dayandırıldı.

Bakıya köçməyimizlə əlaqədar, yeni həyat qayğıları ilə əhatə olunmuşdum. Mən Qızılgülü bacardıqca xatırlamamağa çalışırdım. Lakin bu mümkün idimi? Yox! Əsla yox!

Elə bir gün olmurdu ki, Qızılgülü xatırlamayım. Qızılgülün saçının və nəfəsinin ətrini, məftunedici yaraşıqlı qamətini, gözəl rəqsi xatırladan yerişini, dan yerinin sökülməsinə bənzəyən təbəssümünü, yüksək dərəcədə mədəni davranışını tez-tez xatırlayırdım. Onun yaddaşıma əbədi həkk olunmuş gözəl xüsusiyyətləri ruhumu dincəltməyə qadir ən şəfalı məlhəm idi. Bəzən dərin düşüncələrə dalaraq onunla bərabər keçirdiyim o şipşirin, əvəzsiz, xoşbəxt dəqiqələri təkrar-təkrar xəyalımda canlandırır və həmin qısa zaman kəsiminin real həyatda yenidən təkrarlanması üçün canımdan belə keçməyə hazır olduğumu hiss edirdım.

İnsan həyatda gördüklərini, eşitdiklərini, oxuduqlarını, bəyənərək sevdiklərini yenidən xatırlaya bildiyinə görə yaddaşına minnətdardır. Yaddaş beynin ən maraqlı, həm də olduqca mürəkkəb və mükəmməl funksiyalarından biridır. Dünyanın əksər ölkələrində fəaliyyət göstərən iri laboratoriyalarda çalışan nəhəng alimlər yüz illərlə yaddaşın neyrofizioloji mexanizmini öyrənməklə məşğul olsalar da, bu proses beynin hələ də çox az öyrənilmiş fenomenlarindan biri olaraq qalmaqdadır və şübhəsiz, bundan sonra da uzun müddət dərin tədqiqtların obyekti olacaqdır.

Bəzən çox sevdiyin birindən məcburən ayrı düşürsən və aylar, illər ötdükdən sonra elə zənn edirsən ki, onu tamamilə unutmusan. Lakin elə bir an gəlir ki, səhv etdiyini, tamamilə yanıldığını anlayırsan. Çox sevdiyin bir insandan məcburən ayrı düşərək unutsan da, aradan aylar, illər ötdükdən sonra onu qeyri-iradi olaraq qəflətən xatırlayır və cismini, ruhunu bürüyən acılardan əzab çəkirsən.

Vaxtaşırı fikrim, düşüncəm Qızılgülün bir söz demədən, iz buraxmadan getməsi üzərində ilişib qalırdı. Belə vaxtlarda cavabsız suallar bir-birinə calanaraq beynimin və qəlbimin ritmlərinin ahəngdarlığının itməsinə səbəb olurdu. Məni olduqca narahat edən, qəlbimi amansızcasına göynədən, sızladan, dünyamı başıma uçuran, məni yer ilə yeksan edən müdhiş suallara cavab aramaq, bir qayda olaraq, mənə əzab və işgəncədən başqa bir şey vermirdi.

Qızılgülün xəbərsiz-ətərsiz getməsinə bir məna verə bilməsəm də, onu qınamır, ondan incimir, küsmürdüm. Əksinə, düşünürdüm ki, Qızılgül məni qəsdən incitmiş olsa belə onu bağışlamalıyam. Sevdiyi birinin səhvini bağışlamağı, günahından keçməyi bacarmayan aşiq səmimi insan sayıla bilərmi?

Ağlım kəsəndən həmişə inanmışam ki, gülü tikanıyla, gecəni sirrləriylə, sevgilisini bütün əyər-əskiklikləriylə sevməyən bir insan gülün ətrinin hikmətini, gecənin sehrini, eşqin mahiyyətini anlaya bilməz!

Qızılgül həyatıma bir mələk kimi daxil olaraq ikicə sutka ərzində qəlbimə tam hakim kəsilmiş və sonra da sanki qeybə çəkilmişdi. Hərdən mənə elə gəlirdi ki, o, bir mələk kimi səmalara qalxmış və oradan fasiləsiz olaraq məni seyr edir.

Qızılgül səmimiyyət və məsumiyyət dolu bir qız idi. Onda müşahidə etdiyim səmimiyyəti, məsumiyyəti xatırladıqca qəlbimin dərinliklərində əmin olurdum ki, onun xəbər-ətərsiz getməsinin ciddi bir səbəbi vardır. Bir gün yenidən rastlaşsaq verəcəyi bir izahat, bir açıqlama, həm də çox ciddi bir açıqlama olmamış deyil. Onu günahkar saymaq, qınamaq, töhmətləndirmək, necə deyərlər, heç ağlımın ucundan da keçmirdi.

Şübhəsiz, insan təfəkkürünün hər cür qaranlıqları aydınlıqlara qovuşdurmaq, istənilən müşkülləri, o cümlədən qəlbindəki qüssəni, kədəri dəf etmək imkanı vardır. Əsas məsələ bunu onun özünün istəməsi və məqsədyönlü fəaliyyət göstərməsidir. Çox şey verilən qərarlardan asılıdır. Çətin anlarda verdiyi düzgün qərarlar sayəsində əldə etdiyi xırda uğurlar belə insanın qələbəyə inamını artırmaqla onu daha güclü və cəsarətli edir!

İstək, son məqsədə inam və məqsədyönlü fəaliyyət zamanı anında verilən düzgün qərarlar qələbəni təmin edən əsas amillərdir. O günlərdə gəldiyim bu nəticə sonralar həyatda qarşılaşdığım bütün çətinliklərin dəf olunmasında mənə çox yardım etdi.

Mən tezliklə həyatımın qərarını verdim: ”Qızılgülə bəslədiyim gözəl hisslər həyatımı qaraltmamalı, gələcəyimi zərbə altında qoymamalıdır. Dünyanın işini bilmək olmaz, bir gün yenidən qarşılaşarıqsa, Qızılgül onun məhəbbətinə layiq olduğumu bir daha görməlidir”. Bütün olanları dərindən araşdırdıqdan, götür-qoy etdikdən sonra verdiyim bu qərar sayəsində dərslərimlə daha ciddi, daha məsuliyyətlə məşğul olmağa başladım.

Yalnız dərslərimlə intensiv məşğul olarkən, bütün diqqətimi tapşırıqlar, çalışmalar üzərində cəmləşdirərkən bir müddətə də olsa Qızılgülün yoxluğunu unuda bilirdim. Odur ki, beynimə, qəlbimə dinclik vermək məqsədi ilə dərslərimə daha çox vaxt ayırmağa çalışırdım.

Ev tapşırıqlarından əlavə hər gün riyaziyyatdan bir neçə məsələ və misal həll edir, Azərbaycan və dünya mütəfəkkirlərinin bir-birindən maraqlı əsərlərini oxuyurdum. Rus, ingilis və fransız dillərinin qrammatikasını müqayisəli şəkildə öyrənir, dünya hadisələrini izləmək, elmi biliklərimi genişləndirmək üçün böyük imkanlar açan bu əcnəbi dillərə dair mövcud biliklərimi günbəgün dərinləşdirir və mükəmməlləşdirirdim.

* * *

Onuncu sinfi bitirərkən məktəbimizin kitabxanasında oxumadığım bədii əsər qalmamışdı. Sonralar M.F.Axundov adına Azərbaycan Mərkəzi Kitabxanasının (indi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası) daimi oxucularından biri oldum. Bundan əlavə, orta məktəbi mənimlə bərabər bitirmiş Azərbaycan Xarici Dillər İnstitutunun (indi Azərbaycan Dillər Universiteti) tələbəsi olan Lamiyənin institut kitabxanasından mənim xahişimlə götürdüyü ingilis və fransız dillərində olan bədii əsərləri də oxuyurdum.

Azərbaycan klassiklərinin (N.Gəncəvi, Ə.Xəqani, M.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir və b.), Sovet dövrü yazarlarının (Y.V.Çəmənzəminli, S.S.Axundov, M.Müşfiq, H.Cavid, N.Nərimanov, C.Məmmədquluzadə, C.Cabbarlı, M.S.Ordubadi, S.Vurğun, Ə.Vahid, S.Rüstəm, S.Rəhimov, R.Rza, M.İbrahimov və b.), Türkiyə şair və yazıçılarının (Mövlana, Y.Əmrə, N.Hikmət, Ə.Nesin və b.), kazax mütəfəkkiri Ə.Yəsəvinin, özbək şairi və filosofu Ə.Nəvainin, ləzgi xalqının böyük şairi R.Həmzətovun, qırğız xalqının görkəmli yazıçısı Ç.Aytumatovun, rus klassiklərinin (N.A.Nekrasov, A.S.Puşkin, F.M.Dostoyevski, N.V.Qoqol, L.N.Tolstoy, İ.S.Turgenev, A.P.Çexov və b.), inqilabdan sonrakı dövr sənətkarlarının (M.A.Qorki, M.A.Bulqakov, A.A.Fadeyev, M.A.Şoloxov, A.A.Axmatova, A.İ.Soljenitsın və b.), Qərb yazıçılarının (U.Şekspir, T.Drayzer, E.Hemenquey, M.Tven, O.Balzak, A.Düma, V.Hüqo, H.Biçer-Stou, C.London, A.Kamyu, F.Kafka, C.Svift, C.Steynbek, A.K.Doyl və b.) əsərləri mənim qarşımda bambaşqa dünya açdı.

Hələ kiçik yaşlarından kitablarla dostluq etməyi bacaran hər kəs xoşbəxtdir. Kitablar ən dəyərli, etibarlı və sədaqətli dostlardır. Onlar insanı yarıyolda buraxmır, oxucuya yalnız və yalnız xeyir verir, onu gözəl və xeyirxah əməllərə səsləyir. Kitablar insanların heç zaman sonuna qədər anlamadıqları möcüzələr aləmidir!

Heç bir dahinin bildikləri kitablarla müqayısə oluna bilməz. Kitablardan onlarla, hətta yüzlərlə dahinin bildiklərindən də artıq bilik öyrənmək şansımız var. Bu şansdan səmərəli şəkildə istifadə edən insanlar həyatda hər zaman böyük uğurlara imzalar atırlar.

Oxuduğum hər bir bədii əsər mənə nəsə yeni dəyərli bir keyfiyyət aşılayırdı. Onları oxuduqca daxilən zənginləşdiyimi – səbirli, dözümlü, qətiyyətli, güclü... olduğumu, saflaşdığımı – paxıllığa, vicdansızlığa, ədalətsizliyə, xəyanətə, laqeydliyə... qarşı dözümsüzlüyümü hiss edirdim. Qədim Dünya filosoflarından Sokrat yazırdı: “Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.” Böyük rus yazıçısı M.A.Qorki heç də təsadüfən deməmişdir: “Bilik ən gözəl silahdır.” Düşünürəm ki, bu qəbildən olan dəyərli deyimlərlə hörmətli oxucularımın qiymətli vaxtını almağa ixtiyarım yoxdur, bunlar onsuz da çoxlarına məlumdur.

Əldə etdiyim yeni keyfiyyətlər sayəsində həyata daha sıx bağlanır, mübarizələr meydanı olan həyatda uğurlar qazanmanın əsas şərtlərindən birinin, bəlkə də birincisinin həyatı bütün rəngarəngliyi ilə, obyektiv şəkildə dərk etməkdən keçdiyini anlayırdım. Mütəfəkkirlərin

yaratdıqları müxtəlif möhtəşəm müsbət qəhrəmanların həyat və mübarizəsi gözəl bir örnək olur və məni hər zaman yeni-yeni uğurlara ruhlandırırdı.

Bütün uğurlarımı, bu günə qədər əldə etdiyim nailiyyətlərimi dəyərli kitablara, böyük əmək sərf edərək onları yaradan mütəfəkkirlərə borcluyam. Kitablar bir ömür yol yoldaşlarım, son dərəcə ağıllı, müdrik məsləhətçilərim, həm də etibarlı sirdaşlarım olmuşlar.

Bədii əsərlərə alüdəliyim sonralar mənim özümün də bir ədəbiyyat adamı, qələm əhli kimi formalaşmağımda az rol oynamadı. Lakin o zaman qarşıma yazar olmaq kimi bir məqsəd qoymamışdım. Ədəbiyyat mənim üçün yalnız bir hobbi idi.

İlk bədii yazım hələ onuncu sinifdə oxuyarkan “Gənc filosof” yurnalında nəşr olunmuş fəlsəfi essem oldu. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin yaratdığı dahiyanə “Ölülər” pyesinə istinadən ortaya çıxardığım yazı “Dini-xurafatın insan əxlaqına zərərli təsirinin fəlsəfi aspektləri” adlanırdı. Sinifdə yazdığım inşa ədəbiyyat müəllimimiz Cəfər Cəfərzadə tərəfindən çox bəyənilmişdi. Elə Cəfər müəllimin məsləhəti və təkidi ilə inşamın üzərində bir qədər də işləyərək onu fəlsəfi esse şəklində formalaşdırdım. “Gənc filosof” jurnalında nəşr olunan həmin esse ilk qələm təcrübəm idi. Buna baxmayaraq, həmin esse o zaman ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı və bəzi filosofların diqqətini cəlb etdi. Zəng edib məni təbrik edənlər, ruhlandırıcı fikirlər söyləyənlər də az olmadı. Lakin mən o zaman bu istiqamətdə fəaliyyət göstərmək fikrində deyildim.

...İllər ötdü, orta məktəbi qızıl medalla bitirdikdən sonra sənədlərimi Tibb İnstitutunun müalicə və profilaktika (indi müalicə işi) fakültəsinə verdim və qəbul olundum.

Məqsədim qəti idi. Beyin üzrə mütəxəssis olmaq istəyirdim. Ömrümü sirlər xəzinəsi olan bu orqanın – beynin öyrənilməsinə həst etmək arzusunda idim.

O zamankı düşüncəmə görə, beyin fenomenlərlə – insanı hər an heyrətləndirə bilən qeyri-adi, son dərəcə mürəkkəb və müəmmalı proseslərlə zəngindir. Bu proseslərin müasir həssas üsulların, mükəmməl cihazların köməyi ilə öyrənilməsi sayasində insan ağlının predmet və hadisələri qavraması keyfiyyətcə yeni, daha yüksək mərhələyə qədəm qoya bilər.

Qaynar institut həyatı məni o dərəcədə məşğul edirdi ki, bəzən Qızılgülü də unudurdum. Əlbəttə, söhbət onu müvəqqəti unutmaqdan gedir. Onun adı qəlbimə yazılmış, o gözəl surəti isə beynimdə qazılmışdı. Onu tam unutdurmaq üçün qəlbimi də, beynimi də sökmək, parçalara ayırmaq lazım idi.

Ən çətin, ümidsiz anlarımda mən Allahdan kömək diləyirdim: “Allahım, bizi sən qarşılaşdırdın, bu eşqi qəlbimə sən saldın, məni darda qoyma, mənə yardım et. Yardım et ki, bu eşq ağlımı, gücümü, qüvvəmi əlimdən almasın. Yardım et ki, mən Qızılgüllə yenidən rastlaşım. Onun gözəl gözlərini görməyi, əllərindən tutmağı, onu bağrıma basaraq saçlarını qoxulamağı mənə bir daha nəsib et, Allahım!”

İnstitutda oxuyarkən tələbə yoldaşlarıma, eləcə də müəllimlərimə tez isinişdim. Doğma Azərbaycanımızın müxtəlif bölgələrindən gəlmiş qrup yoldaşlarımın hamısı mehriban və çalışqan gənclər idilər. Artıq ikinci kursda oxuyarkən institut həmkarlar təşkilatının sədr müavini idim və əlimdən gələn köməkliyi onlardan əsirgəmirdim. Yataqxana, təqaüd və s. sahədə problem yaşayan tələbələrə, o cümlədən qrup yoldaşlarıma maksimum köməklik göstərirdim. Məqbullara və imtahanlara çox zaman birlikdə hazırlaşırdıq. Bəzi çətin mövzuları asanlıqla qavramalarına yardım edirdim. Qrupumuzdaki qızlar da, oğlarlar da birinci semestr imtahanlarından sonra mənə xüsusi hörmətlə yanaşmağa başladılar. Onlar hörmət əlaməti olaraq mənə “professor” deyə müraciət edirdilər. Onların səmimiiyyətindən və qayğıkeşliyindən olduqca məmnun idim. Aradan illər keçməsinə baxmayaraq, hərdən tələbəlik illərimi, eləcə də tələbə yoldaşlarımı xatırlayarkən kövrəlməyə bilmirəm. İndi də onların hər biri ilə əlaqə saxlayır, hər ilin iyul ayının axırlarında Bakıda görüşüb ötən günləri xatırlayır, deyib-gülüb şənlənirik. Aramızda təkcə Rasimə doktor yoxdur. Əslən Xankəndidən olan Rasimə doktor ermənilərlə müharibə başlayan kimi könüllü olaraq döyüş xəttinə yaxın yerdə təşkil olunmuş hərbi hospitalda işləməyə getmişdi. Səkkiz aydan sonra Rasimə doktorun şəhid olması xəbəri hər birimizi sarsıtdı. Hələ ailə qurmağa macal tapmamış bu fədakar, vətənpərvər türk qızının meyiti düşmənin artilleriya atəşi nəticəsində darmadağın edilmiş hospitalın xarabaları altından tapılmışdı. Hər il bir yerə toplaşarkən ilk növbədə şəhid bacımız Rasimə doktorun əziz xatirəsini ayağa qalxaraq bir dəqiqəlik sükutla yar edir və ruhuna dualar oxuyuruq.

Tələbəlik illərində müəllimlərim də mənə xüsusi hörmət bəsləyir, fərdi yanaşırdılar. Onların bəziləri dərin biliyə, geniş görüş dairəsinə malik olduğumu tez-tez dilə gətirir, gələcəkdə yaxşı mütəxəssis olmaq imkanlarım barədə qısqanclıq bilmədən söhbət açaraq öz ağıllı, dəyərli məsləhətlərini məndən əsirgəmirdilər. Mən bu gün də öz xeyirxah müəllimlərimi, vətənimiz və xalqımız uğrunda hər cür maneələri dəf etməyə hazır o fədakar ziyalıları, gözəl, səmimi insanları xatırladıqca onlarla qürur duyuram.

Qızılgüldən sonra həm orta məktəbdə, həm də institutda isinişdiyim, yaxınlaşaraq dostluq etdiyim qızlar oldu, lakin onların heç birini sevə bilmədim. Mənə yaxınlıq edən, qayğı göstərən, hətta məni sevdiyini səmimiyyətlə etiraf edən gözəl, ağıllı və mehriban qızları tezliklə özümdən uzaqlaşdırırdım. Əlbəttə, heç kimin xətrinə dəymədən, heç kimi incitmədən, küsdürmədən. Özümdən asılı olmayaraq həmin qızları Qızılgüllə müqayisə edirdim və bu müqayisədə digər qızlar mənim Qızılgülümə böyük fərqlə uduzurdular.

Mənim nəzərimdə Qızılgül hamıdan yüksəkdə dayanırdı. Onun dayandığı zirvəyə başqa bir qızın yüksələ biləcəyinə inanmırdım. O, cəmi iki sutka ərzində məni özünə möhkəm bağlamışdı. Gözəgörünməz, lakin heç bir zaman zəifləməyəcək, qırılmayacaq davamlı bağlarla həmişəlik

bağlamışdı. Bu bir həqiqətdir ki, onun iki sutka ərzində etdiklərini digər qızlar aylarla, hətta illərlə edə bilmədilər, yəni məni özlərinə bağlamağa müvəffəq olmadılar.

Qızılgül qeyri-adi qız idi. Onun qeyri-adiliyi, təkrarolunmazlığı onda idi ki, o, mənim fikirlərimi, arzu və istəklərimi gözlərimdən anlayırdı, həm də çətinlik çəkmədən, səhv etmədən anlayırdı. O, qəlbimdən keçənləri dinmədən, danışmadan anlaya bildiyi kimi, gözləri ilə öz qəlbinin dərinliklərindəki ən incə mətləbləri, ülvi hissləri də asanlıqla mənə izhar edir, tam aydınlığı ilə çatdırırdı. Cəmi iki sutka ərzində, bu qədər qısa zamanda Qızılgülün bütün bunlara nail ola bilməsi onun bir qız, bir sevgili kimi qeyri-adiliyinə, möhtəşəmliyinə dəlalət edirdi. Qızılgül həyatımın ilk möcüzəsi idi.

Qızılgül təpədən dırnağa qədər təbii idi. İllərlə arasaydın yenə də onda qeyri-təbii, süni heç nə tapa bilməzdin. Etdiklərinin hamısını ürəkdən edirdi, danışdıqlarının hamısını səmimi danışırdı. Onun cismi səmimiyyət simvolu, ruhu gözəllik mücəssəməsi idi. Mən onun təbii davranışını, səmimi rəftarını, ruhundakı gözəllikləri illər boyu çox axtardım, lakim bir daha rast gəlmədim, heç bir başqa qızda tapa bilmədim. Bu isə həsrət dolu o illərdə belə məni Qızılgülə daha çıx bağladı, ona qarşı olan saf, səmimi, müqəddəs duyğularımı günbəgün daha da qüvvətləndirdi, hər cür sınaqlara dözə biləcək qədər möhkəm etdi.

* * *

Ardı var

Babək XALİSTÜRK

Yazar-publisist


Ana səhifəyə qayıt
    Oxunub: 100920

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac