HƏSRƏT DOLU İLLƏR – povestin ardı
(27-11-2019, 10:26)

HƏSRƏT DOLU İLLƏR – povestin ardı...Artıq tələbəlik illəri geridə qalmışdı. İnternada idim. Aradan illər keçsə də, beyin üzrə mütəxəssis olmaq fikrim dəyişməmiş, əksinə, daha da qətiləşmişdi. Neyrocərrahiyyə üzrə tanınmış alim olmaq, vətənimi, xalqımı dünyada ləyaqətlə təmsil etmək arzum qəlbimdə dərin kök salmışdı.

İllərim Qızılgülsüz keçsə də, onun həsrəti daim mənimlə idi. İllər ötdükcə bu həsrət məni odsuz-ocaqsız yandırıb-yaxır, bəzən cəhənnəmdən də betər olurdu. Lakin dözməkdən, səbir etməkdən başqa nə edə bilərdim ki?

İnternanı Azərbaycan Neyrocərrahlıq Xəstəxanasında keçdim. Xəstəxanada öz işini bilən cərrahlar çox idi. Onların bir qrupu SSRİ-nin müxtəlif şəhərlərində yerləşən nüfuzlu institutlarda və elmi mərkəzlərdə ordinatura keçmişdilər. Bəziləri isə aspiranturanı, hətta doktoranturanı qabaqcıl elm mərkəzlərində keçərək dissertasiya müdafiə etmişdilər.

Xəstəxanada hər gün nəsə yeni bir şey öyrənirdim. İşini yaxşı bilən dosent və professorlardan öyrəndiklərim sonralar çox köməyimə gəldi. Bu gün də həmin alimləri, dəyərli, təmənnasız ziyalıları böyük minnətdarlıqla xatırlayıram.

İnternanı bitirməyimə hələ üç həftə qalırdı. İşlədiyim şöbənin müdiri bir gün məni yanına çağırtdırdı. Ağ saçları çiyinlərinə tökülən professor Qulu Quluzadə məni mehribanlıqla qarşıladı. Katibə qızdan iki stəkan çay istədikdə anladım ki, söhbətimiz uzanacaq. Doğrusu, buna xeyli sevindim də. Zarafat deyil, bu boyda xəstəxananın ən böyük şöbəsinin müdiri, işi-gücü başından aşan, SSRİ miqyasında kifayət qədər hörmət qazanmış bir professor mənimlə uzun-uzadı söhbətləşəcək, nəyisə müzakirə edəcəkdi. Bu, hələ institutu bitirmiş sayılmayan bir gənc üçün qürur duyulası hadisə idi.

Qulu müəllim söhbətə başlamağa tələsmədi. Qarşısındakı dissertasiyanı diqqətlə oxuyur və hərdən qalın şüşəli eynəyinin üstündən mənə baxaraq mehribanlıqla gülümsəyirdi.

Məni maraq götürmüşdü, görəsən professor mənimlə nə barədə söhbət edəcək? İndiyədək onunla uzun söhbətimiz olmamışdı. İnternada olduğum doqquz ay ərzində, demək olar ki, hər gün qarşılaşmışdıq. Onun həyata keçirdiyi cərrahi əməliyyatlara da tez-tez cəlb edilmişdim. Lakin heç vaxt uzun-uzadı söhbət etməmişdik.

Heç beş dəqiqə çəkmədi ki, katibə qız podnosda iki stəkan çay, doğranmış limon və müxtəlif konfetlərlə dolu büllür konfetqabını bir tərəfində artıq mənim yerləşdiyim jurnal stolunun üstünə qoyub Qulu müəllimə baxdı. Professor bayaqdan oxuduğu dissertasiyanı örtərək ayağa qalxdı və son dərəcə mehribanlıqla:

– Qızım, mənim də çayımı oraya qoy, gəlirəm, – dedi və jurnal stolunun digər tərəfinə yaxınlaşaraq əyləşdi.

Katibə qız podnosdakıları səliqə ilə jurnal stolunun üstünə düzdükdən sonra Qulu müəllimə baxaraq dedi:

– Professor, başqa nə istəyiniz var?

Qulu müəllim qıza yenidən mehribanlıqla nəzər salaraq:

– Minnətdaram, qızım, hələlik əlavə heç nə lazım deyil, – dedi.

Katibə qız kabinetdən çıxdıqdan sonra professor çayından bir qurtum içdi və aramla söhbətə başlayaraq dedi:

– Həəə, Bəhrəm doktor, yəqin ki, səni niyə çağırtdırdığımla bayaqdan bərk maraqlanırsan, elədirmi?

Mən qısaca cavab verdim:

– Bəli, professor!

Qulu müəllim:

– Səkkiz aydan artıqdır ki, şöbəmizdəki fəaliyyətini izləyirəm. Doktorlar sənin nəzəri hazırlığından və əl qabiliyyətindən, hər şeylə yerli-yerində, dərindən-dərinə maraqlandığından və deyilənləri, göstərilənləri olduqca tez qavradığından çox razılıq edirlər, – dedi və mənə baxdı, onu diqqətlə dinlədiyimi görüb söhbətinə davam edərək dedi: – Tibb İnstitutundakı müəllimlərin də səndən fəxrlə danışırlar. Eşitdiyimə görə, rus, ingilis və fransız dillərində də sərbəst danışır və fikrini səhvsiz yazırsan. Bunların hamısı əladır. Mənim sənə təklifim var, əgər istəsən, sənin təyinatını xəstəxanamıza verdirə bilərəm, yəni səni şöbəmizdə işlə təmin etmək istəyirəm. Payızda Moskvaya gedib aspiranturaya imtahan verərsən. İnanıram ki, aspiranturaya daxil ola biləcəksən. Orada keçdiyin yüksək məktəb sənin qarşında böyük perspektivlər açacaq. Razısanmı?

Qulu müəllim sual verdikdən sonra diqqətlə üzümə baxdı. Mən əlbəttə razı idim. Həm də olmayan qədər sevinirdim. Oturduğum kreslodan qalxaraq:

– Çox sağ olun, professor! Ömrüm boyu sizin bu yaxşılığınızı unutmayacağam, hər zaman etimadınızı doğrultmağa çalışacağam, – dedim.

Qulu müəllim:

– Xahiş edirəm, əyləş! Xalqımızın qabiliyyətli övladlarına kömək etmək bir ziyalı olaraq mənim də borcumdur, – dedi və çayını axıra qədər içdi.

Qulu müəllimin təklifi barədə axşam evdə söz açdıqda atam da, anam da, bacı və qardaşım da çox sevindilər.

Üç aydan sonra Qulu müəllim elə mənim yanımdaca Moskva ilə əlaqə yaradaraq N.N.Burdenko adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunda vaxtilə aspirant yoldaşı olmuş akademik K.N.Safonovla danışdı. Hal-əhval tutduqdan sonra Qulu müəllim dedi:

– Kiril Nikolayeviç, payızda bir gənci yanınıza göndərmək fikrindəyəm. Yüksək mədəniyyətə və nəzəri hazırlığa malikdir. Azəbaycan Dövlət Tibb İnstitutunu bu il qırmızı diplomla bitirib, şöbəmizin təzə əməkdaşıdır. Qəbul edərsinizsə, sizin institutda məqsədli aspiranturaya daxil olar, elmi rəhbəri də siz olarsınız.

Kiril Nikolayeviç bir qədər susduqdan sonra dedi:

– Əgər rus dilini bilirsə, etirazım yoxdur. Bəzən sizin yerliləriniz dil bilmədikləri üçün burada çox əziyyət çəkirlər. İllər keçsə də, çoxu yaxşı mütəxəssis ola bilmədən Azərbaycana qayıdır. Belələri bizi də hörmətdən salırlar.

Qulu müəllim:

– Kiril Nikolayeviç, bu cavan oğlan rus dilini də, hətta ingilis və fransız dillərini də gözəl bilir. A.S.Puşkinin, N.V.Qoqolun, F.M.Dostoyevskinin, T.Drayzerin, E.Hemenqueyin, C.Londonun, eləcə də A.Dümanın, V.Hüqonun əsərlərini onların öz ana dillərində oxuyur. Çox maraqlı gəncdir, – dedi.

Kiril Nikolayeviç:

– Əziz dostum, elə isə göndərin gəlsin, mən sizin seçiminizə inanıram. İmtahanlar oktyabr ayında keçiriləcək. Ona yataqxana və digər texniki məsələlərlə əlaqədar lazım gələn köməkliyi edəcəyəm, arxayın ola bilərsiniz. Sənədləri poçtla da göndərmək mümkündür.

Qulu müəllim Kiril Nikolayeviçə bəri başdan təşəkkür edərək dəstəyi telefon aparatının üstünə qoydu və dedi:

– Bu iş də oldu.

Sentyabrın əvvəllərində lazım olan sənədləri tərtib edərək Moskvaya göndərdik. Bir həftədən sonra Kiril Nikolayeviç zəng edərək hər şeyin qaydasında olduğunu bildirdi.

Sentyabrın iyirmi yeddisində yola düşdüm. Domededova hava limanında təyyarədən enib birbaşa şəhərin mərkəzində – Tverskaya küçəsində yerləşən instituta, Kiril Nikolayeviçin yanına getdim. Akademik məni gülər üzlə qarşıladı, xeyli söhbətdən sonra təşkilat şöbəsinin rəhbərini yanına çağıraraq dedi:

– Lidiya Maksimovna, bu cavan oğlanla – Bəhrəm Mərdan oğlu ilə tanış olun, Bakıdan gəlib, institutumuzda məqsədli aspiranturaya daxil olmaq arzusundadır. Əziz dostum Qulu Mirzə oğlu yüksək zəmanət verib. Təcili lazım olan sənədləri hazırlayın ki, institutumuzun yataqxanasında yerləşsin.

Lidiya Maksimovna qırx-qırx beş yaşlarında, gülərüz qadın idi. Mənimlə əl tutaraq:

– Xoş gəlmişsiniz, Bəhrəm Mərdan oğlu! Mənim kabinetimə gedək, lazım olan sənədi hazırlayım, – dedi.

Lidiya Maksimovna az bir zamanda “Sifaris” vərəqini hazırlayıb məni institutun Fadeyev küçəsindəki yataqxanasına göndərdi. Yataqxana institutdan piyada getməklə yeddi-səkkiz dəqiqəlik məsafədə idi.

Yataqxananın komendantı – Yelena Nikolayevna aspiranturaya daxil olmaq üçün gəldiyimi bilən kimi məni ayrıca bir otaqda yerləşdirdi, həm də söz verdi ki, zərurət yaranmazsa imtahanlara rahat hazırlaşmanız üçün otaqda tək yaşamanızı təmin edəcəyəm.

Mən Yelena Nikolayevnaya təşəkkür edərək otağıma qalxdım, yerləşdikdən sonra duş götürərək yorğunluğumu çıxardım. Bir qədər yatdıqdan sonra yataqxanadan çıxıb şəhərlə ilk tanışlığa başladım. Yataqxananın yaxınlığında yerləşən metronun “Mayakovski” stansiyasının ətrafında dolaşıb kafedə şam yeməyi yedim. K.Marks prospekti ilə irəliləyərək Qırmızı Meydana çıxdım. Kreml bütün möhtəşəmliyi ilə qarşımda idi. Lenin movzeleyinin yanına qədər gəlib fəxri qorovulda dayanan əsgərlərin növbə dəyişməsinə tamaşa edən insanlara qarışdım. Movzeleyin qapısı önündə əsgərlərin növbə dəyişməsi başa çatdıqdan sonra geri dönərək yataqxanaya qayıtdım. Yolustü “Qasrtonomiya”dan səhər yeməyi üçün lazım olan ərzaq məhsulları almağı da unutmadım. Çay içdikdən sonra aspiranturaya qəbul proqramı ilə tanış oldum, xoşbəxtlikdən bilmədiyim sual yox idi.

Saat on ikiyə işləyəndə yatağıma uzandım, lakin yuxuya gedə bilmədim. Yenə də Qızılgülün surəti gözlərimin önündə dayandı. Onun son anda yaddaşıma hopmuş təbəssümü, yerişi, boy-buxunu yenidən gözlərim önündə canlandı. Xeyli kədərlənsəm də, hələ də qəlbimdə yaşayan ümid məni səbirli olmağa səslədi. “Hər qaranlıq gecənin sonunda aydınlıq, hər ayrılığın sonunda qovuşma vardır” – demişlər.

Qızılgül bir iz buraxmadan getmiş olsa da, məndə onu yenidən görmək ümidi buraxmışdı. Rayonda yaşadığım zaman bu ümid daha böyük və qüvvətli idi. Lakin rayondan Bakıya köçərkən, sonra da yığışıb Moskvaya gələrkən bu ümid azalmağa, öləziməyə başlasa da, onu inadla yaşatmaqda idim. Mən ümidin yaşamasının möcüzələrin baş verməsi üçün mütləq imkan yaratdığına inanırdım.

* * *

İmtahanları müvəffəqiyyətlə verərək aspiranturaya qəbul olundum. Sevincimin həddi-hüdudu yox idi. Həyatdakı ən mühüm arzularımdan birinə şatmışdım. Bu nailiyyətimlə əlaqədar olaraq məni hamıdan əvvəl Kiril Nikolayeviç təbrik etdi. Səndemə, institutun elmi katibi ilə hər gün əlaqə saxlayaraq mənim fəaliyyətimi ardıcıl izləyirmiş. Olduqca səmimi, qayğıkeş insan olan akademik Kiril Nikolayeviçin sadəliyi daim mənə bir örnək olmuşdur.

Mən Kiril Nikolayeviçə dərin təşəkkürümü bildirərək yaxınlıqdakı “K-9” teleqrafına tələsdim. Əvvəl Qulu müəllimə zəng etdim. Qulu müəllim səsimi eşidən kimi məni təbrik etdi. Kiril Nikolayeviç məndən əvvəl zəng edibmiş. Qulu müəllimə öz minnətdarlığımı bildirdikdən sonra

evimizlə əlaqə yaratdım. Dəstəyi qaldıran anam səsimi eşidən kimi böyük həyəcanla salamlaşdı və ləngimədən sual etdi:

– Oğlum, işlərin necədir, imtahanların hələ davam edirmi?

Mən böyük sevinclə:

– Anacan, məni təbrik elə, oğlun artıq aspirantdır, – dedim.

Anam kövrəldiyinə körə bir qədər ləng cavab verdi:

– Nə gözəl, ay oğlum, nə gözəl, o gün olsun aspiranturanı bitirib sağ-salamat dissertasiyanı da müdafiə edəsən. Alimlik dərəcəsi alıb Bakıya qayıtdığın günü görsəm, ölmərəm, – dedi.

Mən də bir az kövrəldim, lakin anama bildirməmək üçün söhbəti tez dəyişərək dedim:

– Atam təbii ki, işdədir, uşaqlar hardadırlar?

– Onlar da hələ dərsdən qayıtmayıblar, kefini pozma, salamını hamıya yetirəcəyəm! Allah işlərini avand eləsin! Bir şey lazımdırsa, göndərək. Qonşumuz Gövhərin əri Əliş qardaş Moskva qatarlarından birində bufetdə işləyir. O gün Gövhər xalan deyirdi ki, Bəhrəmə nə lazım olsa Əlişlə göndərə bilərsiniz.

– Var ol, anacan, sənin əlinin sığalı və bişirdiyin yeməklər üçün çox darıxmışam. Tez-tez yuxuma girirsiniz. Səni isə yuxuda daha sıx görürəm. Məni elə əzizləyirsən ki, oyanandan sonra yuxu gördüyümə inana bilmirəm, bir neçə dəqiqə ətrafa baxıb səni axtarıram.

Bu arada hiss etdim ki, anam göz yaşlarını saxlaya bilmədi. Bir qədər ara verdikdən sonra dilləndi:

– Can, ay bala, can, anan qurban gözlərinə! Əliş dayın dörd gündən sonra Moskvada olacaq. Ən çox sevdiyin xörəklərdən bişirib sənin üçün göndərəcəyəm. Mütləq çox xoşladığın yarpızlı dövğa da olacaq. Mənə iş yerinin telefonunu çatdır, qatarın nömrəsini də, Moskvaya çatacağı saatı da öyrənib sənə deyərəm.

– Vallah sağ ol, ay ana! Dünyada səndən gözəl ana yoxdur! Daha de ki, sənin sayəndə Moskvada da kef edəcəyəm də.

Söhbət bu yerə çatanda anam ucadan gülərək:

– Bəri bax, bəri bax, mənə arxayın olma, özünə bir qız seç, səni evləndirək, apar yanına qeydinə qalsın, – dedi və dediyindən razı qalaraq daha da ucadan güldü.

Mən anamın nəşəsini bir az da artırmaq məqsədilə gülə-gülə:

– Onda bax gör nə eləyirsən, ay ana! Qızı tapmaq səndən, evlənmək məndən, – dedim və ürəkdən qəhqəhə çəkdim.

Anam yaxşı bilirdi ki, mənə qız bəyəndirmək mümkün olan iş deyil. Baş tutmayan ilk məhəbbətim ucbatından o da az kədərlənməmiş, qəm yeməmişdi. Odur ki, söhbətin yönünü tez dəyişərək dedi:

– İş yerindəki telefonun nömrəsini sabah günortaya qədər mənə çatdıra bilərsənmi?

Anamın söhbətin istiqmətini dəyişməsinin üstünü vurmayaraq dedim:

– Mütləq, anacan! Hamıya salamımı yetir, salamat qalın!

Anam yenidən kövrələrək titrək səslə:

– Allah səni qorusun, ay bala! – dedi və susaraq dəstəyi asmağımı gözlədi.

Zəngləşdikdən sonra elə teleqrafın üzbəüzündə yerləşən ikimərtəbəli kafedə nahar eləmək qərarına gəldim. Menyuda xeyli axtardıqdan sonra yeyə biləcəyim xörəklərdən alıb pəncərənin qarşısında yerləşdim. Onu da deyim ki, Moskvaya gələndən yemək problemi məni hər gün xeyli düşündürürdü. Kafe və yeməkxanalarda bişirilən xörəklərin çoxunu yeyə bilmirdim. Təbii ki, rus mətbəxi bizim mətbəximizdən çox fərqlidir. Bədbəxtlikdən özüm də xörək hazırlaya bilmirdim. Hazırlaya bildiyim yalnız qayğanaq idi. Qayğanaq yeməkdən lap bezmişdim, yuxumda da qayğanaq görürdüm. K.Marks prospektində yerləşən “Bakı” restoranında da yemək çox baha başa gəlirdi. Orada bizim milli xörəklərdən yeyərək nahar etməyə yalnız həftədə bir dəfə imkanım vardı.

Nahar eləyib instituta qayıtdım. Yolüstü kitab mağazasına girib ixtisasıma aid iki ədəd yeni monoqrafiya aldım. Monoqrafiyalardan biri dünya şöhrətli akademik A.Q.Amosovun, digəri isə SSRİ və Qərb alimləri arasında böyük nüfuza malik professor S.D.Sazonovun əsəri idi. Yaxın gələcəkdə nəşr olunub satışa çıxarılacaq olduqca maraqlı bir monoqrafiya üçün də sifariş verib mağazadan çıxdım.

İnstitutun vestibülündə Kiril Nikolayeviçlə qarşılaşdıq. Salamlaşıb ötmək istəyirdim ki, ayaq saxladı və dedi:

– Bəhrəm Mərdan oğlu, nahar etmək üçün çıxmışdınız?

– Həm nahar etdim, həm də Bakıya zəng vurub anamla danışdım. Aspiranturaya qəbul olunduğum barədə Qulu Mirzə oğluna məlumat vermək istədim, ancaq məlum oldu ki, siz məni qabaqlamışsınız.

Akademik güldü və bir qədər ara verdikdən sonra dedi:

– Bakıya zəng etmək üçün teleqrafa getmək lazım deyil. İnstitutdakı şəhərə çıxışı olan istənilən telefonla zəng edə bilərsiniz.

Mən akademikə təşəkkür edərək şöbəyə gəldim. Baş tibb bacısından aspirantlara məxsus otaqdakı telefonun nömrəsini öyrəndim və həmən Bakıya zəng etdim. Anam dəstəyi qaldıran kimi telefonun nömrəsini ona yazdırdım.

Dörd gündən sonra səhər Kursk dəmiryolu vağzalında beş saylı Bakı-Moskva qatarını qarşıladım. Qatar hələ dayanmamış vaqon-restoranın qapısında görünən qonşumuz Əliş dayını gördüm. Tez yaxınlaşıb salamlaşdım və anamın göndərdiyi bağlamanı alıb taksi dayanacağına getdim. Dayanacaqda on dəqiqəlik növbədən sonra taksiyə əyləşib özümü yataqxanaya çatdırdım.

İlahi, anam nələr göndərmişdi? Anamın göndərdiyi döşəməli və lobyalı plovu, kələm və yarpaq dolmalarını, çolpa çığırtmasını, cızbızı, turşulu balığı, yarpızlı dovğanı, fəsəlini, şəkərburanı, paxlavanı, ləbləbini, zoğal, moruq, gilas mürəbbələrini, üzüm irçalını, tut bəkməzini, badımcan turşusunu, göyərtini və meyvələri soyuducuda yerləşdirdim və düz bir həftə əməlli-başlı kefə baxdım. Bağlamanın içərisindəki konvertdə mənim iki aylıq aspirant təqaüdüm qədər pul da vardı, özümə qış paltarı almaq üçün göndərmişdilər.

Yemək xeyli çox olduğundan qonşu otaqda yaşayan və təzə tanış olduğum qonşu oğlanları da bir neçə dəfə qonaq elədim. Onlardan biri Minskdən, digəri isə Riqadan idi. Müxtəlif millətin nümayəndələri olan qonşularım dünyada Azərbaycan xörəklərinin tayı-bərabəri olmadığı barədə danışmaqdan doymurdular. Mən onlara Azərbaycan mətbəxinin son dərəcə zənginliyi, eyni xörəyin neçə-neçə çeşidinin olması barədə qısa məlumat verdim. On doqquzuncu əsrdə Azərbaycanda olmuş ata Aleksandr Dümanın “Rusiyaya səyahət” əsərində Azərbaycan süfrəsinin zənginliyi barədə qeyd etdiyi fikirləri çatdırdım. Bu xörəkləri hazırlayan ana və nənələrimiz tərəfindən milli mətbəximizin daim inkişaf etdirilməsindən söz açdım. Mən onlara təkcə dolmanın ondan artıq çeşidinin olmasından bəhs etdim. Qonşularım mənim söhbətlərimi diqqətlə dinlədikdən sonra riqalı gənc xeyli fikrə gedərək dedi:

– Şübhəsiz, hər bir xalqın tarixini onun yetişdirdiyi dahi şəxsiyyətlərin çoxluğu, yaratdığı maddi-mənəvi-əxlaqi dəyərlərin zənginliyi ilə əlaqədar öyrənmək olar. Mən bir vaxtlar bir neçə xalqın, o cümlədən Azərbaycan türklərinin tarixini araşdırmışam. Adi maraqdan irəli gələn bu araşdırmalarım sayəsində Azərbaycan türklərini olduqca qədim xalq olaraq tanıdım və heyran qaldım. Əlbəttə, mətbəxə ötəri yanaşmaq olmaz, mətbəx də xalqın tarixinin öyrənilməsi üçün zəngin material verir. Mətbəxin zənginliyi xalqın tarixinin qədimliyinin nişanəsidir. Dadlı yeməklər hazırlayan xalq ağzının dadını bilən xalqdır. Dahi fizioloq İ.P.Pavlov qeyd edirdi ki, ləzzətli yeməklərlə gözəl bəzədilmiş süfrə insanı iştahaya gətirir. Normal qidalanma isə insanın əqli və fiziki cəhətdən sağlam olmasının ən əsas şərtlərindən biridir.

***

Ardı var

Babək XALİSTÜRK

Yazar-publisist



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac