HƏSRƏT DOLU İLLƏR – povestin ardı
(6-12-2019, 17:07)

HƏSRƏT DOLU İLLƏR – povestin ardıİmtahanlardan sonra bir həftə İstirahət etdim. Moskvanın görməli yerlərini gəzdim. “Böyük Teatr”da gözəl bir əsərə, “Rossiya” konsert zalında konsertə tamaşa elədim. Planariyada, Almaz fondunda, Silah palatasında, bir neçə müzeydə, Botanika bağında oldum, Ümumittifaq Xalq Nailiyyətləri Sərgisində bütün xalqlara məxsus sərgi salonlarına baş çəkdim. Bütün bunlar mənim Moskva haqqındakı məlumatımı əsaslı şəkildə zənginləşdirməklə görüş dairəmin daha da genişlənməsinə səbəb oldu.

Sağ olsun Yelena Nikolayevna, verdiyi sözü tutdu, imtahanlar bitənə kimi otaqda tək yaşadım. Yanlız imtahanlardan bir həftə sonra Aleksandr (Saşa) adlı bir gənc mənə otaq yoldaşı göndərildi. Aleksandr Pavloviç Medvedev milliyyətcə rus, Omsk şəhərinin Tibb İnstitutunun aspirantı idi. Elmi rəhbəri bizim institutda işlədiyindən onu Moskvaya ezam etmişdilər. Kifayət qədər geniş görüş dairəsinə malik, son dərəcə alicənab gənc olan Saşa əsl elm fədaisi idi. Ayrı-ayrı şöbələrdə aspirant olsaq da, söhbətimiz yaxşı tuturdu. O, institutumuzun “Periferik sinir sisteminin cərrahiyyəsi” çöbəsində çalışırdı. Saşanın Azərbaycan, Bakı, xalqımız, tanınmış soydaşlarımız haqqında az da olsa məlumatı vardı. Əvəzolunmaz müğənnimiz Rəşid Behbudovun sənətinin dəlisi idi. Bakıda olmağı, Xəzər dənizində çimməyi çox arzulayırdı. Alkohollu içkilərə və tütünə nifrət etməsi tam ürəyimdən idi.

Bir həftə dincəldikdən sonra yenidən işə girişdim. Əvvəlcə Kiril Nikolayeviçlə birlikdə dissertasiyamın mövzusu üzərində düşündük. Dissertasiyamın mövzusunu: “Beynin dərin qatlarındakı şişlərin çıxarılması üsulunun effektivliyinin yüksəldilməsi” şəklində formalaşdırdıq. O zamanlar beynin dərin qatlarındakı şişlərin çıxarılması metodik baxımdan böyük çətinliklər yaradırdı. Bu fikrə mövcud elmi ədəbiyyatı dərindən analiz etməklə gəlmişdim. Dissertasiyamın mövzusunun formalaşdırılmasındakı fəallığımı və işin yerinə yetirilməsi üçün təklif etdiyim yeni üsulu Kiril Nikolayeviç alqışladı.

Mövzunu müəyyənləşdirdikdən sonra vaxt itirmədən plan-proqram tərtib etdim. Plan və proqramımın üzərində ciddi çalışaraq onu cəmi iki gün ərzində yazıb hazırladım. Plan-proqramımı nəzərdən kecirən Kiril Nikolayeviç texniki məsələlərin həllində cüzi dəyişikliklər etdirdikdən sonra onu da bəyəndi.

Elə ilk gündən işimə ciddi yanaşmağım, cəsarətli elmi mübahisələrə girişməyi xoşlamağım, elmi prisipiallığım və s. müsbət keyfiyyətlərim Kiril Nikolayeviçi olduqca razı salmışdı. Bir aydan sonra bütün institut üzrə yeni aspirantların dissertasiya mövzularının təsdiq olunması ilə əlaqədar keçirilən Elmi şuranın iclasında mənim ağıllı işgüzarlığımdan, zəhmətkeşliyimdən, əldə etdiklərimlə heç zaman kifayətlənməməyimdən, olduqca aydın və güclü elmi təfəkkürə malik olmağımdan söz açaraq ünvanıma xoş sözlər söylədi. O toplantıdan sonra institutda qabiliyyətli,

parlaq gələcəyi olan aspirant kimi tanınmağa başladım. Elmi seminarlarda müntəzəm iştirak etdim.

Fəaliyyətə yeni üsulun eksperimental yolla işlənib hazırlanmasından başladıq. Qarşımızda böyük çətinlik vardı. İndiyə qədər belə bir üsulu hazırlamaq üçün edilən bütün cəhdlər, bir qayda olaraq, boşa çıxmışdı. Optikanın, elektronikanın, tibbi cihazqayırmanın son dərəcə inkişaf etdiyi Yaponiya kimi qabaqcıl ölkənin alimləri də bu sahədə dəfələrlə uğursuzluğa dözməli olmuşdular. Əvvəlcə modeli dövşanlarda yaratdıq. On baş dovşanın beyninin hippokamp adlanan nahiyəsində şişin yaranmasına nail olduq. Sonra heyvanlar üzərində cərrahi əməliyyat apararaq şişi çıxardıq. Şiş hippokampı qidalandıran əsas qan damarları ilə əlaqədar olduğundan onun birbaşa çıxarılması mümkün deyildi. Güclü qanaxma nəticəsində heyvanlar məhv ola bilərdilər. Odur ki, əvvəlcə bu çətinliyi aradan qaldırmalı idik. Bundan ötrü ilk növbədə şişdən yan keçərək qan damarlarının yolunu dəyişdik. Sonra təmasda olduğu damar hissəsini hər iki tərəfdə bağlayaraq şişi damar hissəsi ilə birlikdə ayırıb çıxardıq. Bu, son dərəcə incə əməliyyat əvvəldən axıra qədər mikroskop altında aparılırdı. Bu əməliyyatı insanlar üzərində həyata keçirmək üçün lazım olan çihazı institut üç ay əvvəl almışdısa da, hələ işə salınmamışdı. Heyvanlar üzərində əməliyyat aparmaq üçün həmin çihazın daha sadə və uyğun formasını mühəndislər bizim təklif etdiyimiz sxem əsasında hazırlamışdılar. Bundan əlavə, əməliyyat tam steril şəraitdə, narkoz altında aparıldığından klinikalardakı tələblərə maksimum cavab verirdi. Heyvanların biri cərrahi əməliyyatdan bir sutka sonra ölsə də, doqquzu yüz gündən sonra da yaşamaqda davam edirdi. Yüz gündən sonra təcrübə heyvanlarının qidalanması, yuxusu, yaddaşı və həyat əhəmiyyətli digər vacib funksiyaları, demək olar ki, tamamilə kontrol heyvanlarda olduğu kimi nəzərə çarpırdı. Sağ qalan heyvanlar üzərində yüz sutkadan sonra apardığımız histoloji tədqiqatlar beynin cərrahi əməliyyata məruz qalmış nahiyəsində strukturun tam bərpa olunduğunu göstərdi. Ölən heyvanda apardığımız sonrakı tədqiqatlardan məlum oldu ki, onun ölümü məruz qaldığı cərrahi əməliyyatla əlaqədar olmayıb. Belə ki, ölən heyvanın anadangəlmə ürək-damar problemi var imiş. Həyata keçirilən histoloji tədqiqatlardan sonra tərəfimizdən hazırlanmış yeni neyrocərrahi üsulun mükəmməliyinə əmin olduq. Onun klinikada tətbiq olunmasının mümkünlüyü barədə tərtib etdiyimiz metodik tövsiyyə sahə alimləri tərəfindən yüksək dəyərləndirildi. Bir neçə tanınmış alim elmi jurnallarda məqalə nəşr etdirərək yeni üsulun mükəmməlliyi, onun sayəsində qısa zamanda neyrocərrahiyyədə böyük nailiyyətlər əldə olunacağı barədə əsaslandırılmış fikirlər irəli sürdülər.

Hazırladığımız yeni üsulla əlaqədar tezis yazıb payızda Tokioda keçirilməsi nəzərdə tutulan “Neyrocərrahların Ümumdünya Konqresi”nə göndərdik. Bir aydan sonra Yaponiyadan aldığımız xəbər sevindirici oldu. Mənə yeni üsul barədə məruzə etmək təklif olunmuşdu. Kiril Nikolayeviç bunu böyük uğur kimi dəyərləndirdi. Sonrakı bir neçə ay ərzində yeni neyrocərrahi üsulu

klinikada sınaqdan keçirərək yüksək nəticə əldə etdik. Belə ki, aparılan əməliyyatlar iyirmi doqquz xəstədən iyirmi yeddisində tam uğurla başa çatmışdı.

Aspiranturanın bir ili ərzində analoqu olmayan yeni neyrocərrahi üsulu eksperimental yolla hazırlayaraq klinikada uğurla sınaqdan çıxarmış, bundan əlavə fəlsəfədən və ingilis dilindən namizədlik minimumlarını verərək yüksək qiymətlər almışdım. Odur ki, Kiril Nikolayeviç məni bütün aspirantlara və dissertantlara nümunə göstərir və mənimlə qürur duyduğunu heç kimdən gizlətmirdi.

* * *

Nailiyyətlərim artdıqca institutda mənimlə maraqlananların, xoş münasibət qurmağa, dostluq etməyə meyil göstərənlərin də sayı artırdı. Bütün institutda insanlar öz mehriban rəftarları, xeyirxahlıqları ilə seçilirdilər. Kiril Nikolayeviçin səmimiyyəti, insanlara yalnız xoşbəxtlik arzulaması şöbədə çalışanların hamısına bir örnək olmuşdu. Şöbədə “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi hökm sürürdü.

Elə ilk gündən mənimlə münasibət qurmağa meyil göstərən Nina Nikolayevna olmuşdu. O, tibb elmlər namizədi və bacarıqlı neyrocərrah idi. Olduqca gözəl qadın olan Nina Nikolayevnanın ipək kimi xasiyyəti və gözəl rəftarı vardı. Əri Pavel Petroviç başqa şöbənin əməkdaşı idi. İnstitutda hamının hörmət bəslədiyi Pavel Petroviç elmlər doktoru, professor, Dövlət mükafatı laureatı idi. O zaman dünyada xeyli nüfuzu olan “Neyrocərrahiyyə” jürnalının məsul katibi vəzifəsini tuturdu. Yetirmələrindən on nəfərə qədəri elə bu institutda çalışırdı.

Aspiranturaya qəbul olunduqdan sonra şöbəyə ilk gəldiyim gün birinci olaraq rastlaşdığım əməkdaş Nina Nikolayevna olmuşdu. Biləndə ki, institutun təzə aspirantıyam məmnun olduğunu söylədi və sonra söhbət etməyə başladıq. Milli mənsubiyyətimlə maraqlanaraq dedi:

– Rus dilində mükəmməl danışırsınız, milliyətiniz nədir?

Mən qürurla:

– Azərbaycan türküyəm, Bakıdanam, – dedim.

Nina Nikolayevna bir qədər duruxdu və sonra dedi:

– Necə yəni, Azərbaycan türkü? Məgər Azərbaycanda türklər də yaşayır?

Mən gülümsəyərək:

– Azərbaycanın əsas sahibləri türklərdir. Lakin otuzuncu illərin sonlarına yaxın onları azərbaycanlılar adlandırmağa başlamışlar. Bu hadisə siyasi mahiyyət daşımış, Azərbaycan türklərini öz soy köklərindən ayırmaq məqsədi güdmüşdır, – dedim.

Nina Nikolayevna:

– Tamamilə haqlısınız. Azərbaycanda yaşayan insanların hamısı milliyyətindən asılı olmayaraq azərbaycanlıdırlar. Doğrudan da Azərbaycanda ruslar, ləzgilər, ermənilər, kürdlər, talışlar və s. yaşayırlarsa, əsas xalq, o torpaqların sahibi olan xalq da olmalıdır axı. Deməli, milli

mənsubiyyətinizi təhrif etməklə Azərbaycan türklərini öz qardaşlarından – Türkiyə türklərindən uzaqlaşdırmaq məqsədi güdmüşlər. Beləliklə, sizin xalq Stalin dövründə böyük haqsızlığa məruz qalan xalqlardan olmuşdur.

Mən gülümsəyərək dedim:

– Azərbaycan türkləri Stalin dövründə ən çox haqsızlığa məruz qalan xalq olub. Xalqımızın milli mənsubiyyəti təhrif olunmuş, yüzminlərlə insan əcdadlarının min illərlə yaşadıqları torpaqlardan sürgün edilmiş, həmin torpaqlarda bu gün Ermənistan adlanan respublika yaradılaraq tarixən yurdsuz-yuvasız olmuş ermənilərin ixtiyarına verilmişdir. Dediklərimi təsdiqləyən saysız-hesabsız tarixi faktlar mövcuddur. Rus şair-publisisti V.L.Veliçkonun “Qafqaz” (1904) əsərində, A.S.Qriboyedovun məktublarında 1828-ci ildən sonra ermənilərin o torpaqlara kütləvi şəkildə köçürülmələrindən bəhs olunur. Dahi rus yazıçısı L.N.Tolstoy yazırdı: “Ermənilərin Qafqaza köçürülməsi, əslində, Qafqaz xalqlarının kürəyinə saplanmış xəyanət xəncəri idi.” Yeri gəlmişkən, Qriboyedov ermənilər barədə yazdığı həqiqətlərin qurbanı olmuşdur. O, ermənilər tərəfindən qətlə yetirilmişdir.

Mən danışdıqca böyük həyəcanla dinləyən Nina Nikolayevna sonda dedi:

– Əhsən sizə, xalqınızın tarixini gözəl bilirsiniz. Görünür, mütaliəni çox sevirsiniz.

– Bəli, mütaliəni çox sevirəm, həm də tələbəlik illərində SSRİ-nin ayrı-ayrı xalqlarının tarixini xüsusi acgözlüklə öyrənirdim.

Bir qədər düşündükdən sonra Nina Nikolayevna dedi:

– Qarşıdakı bazar günü sizi evimizə dəvət edirəm. Ərim Pavel Petroviç də sizinlə tanış olmaqdan zövq duyacaq.

Mən vaxtı uzatmadan:

– Təşəkkür edirəm, mütləq gələcəyəm, Pavel Petroviçlə tanış olmağı mən də arzulayıram, – dedim.

Nina Nikolayevna yaşadıqları ünvanı yazdığı vərəqi bloknotundan qopararaq mənə uzatdı. Yaşadıqları bina institutumuzadan o qədər də uzaq deyildi.

Bazar günü anamın öz əli ilə bişirib göndərdiyi şəkərbura və paxlavadan sovqat düzəldərək Nina Nikolayevnagilə getdim. Ev sahibi olaraq məni Pavel Petroviç qarşıladı. Əl tutub salamladıqdan sonra qonaq otağına keçdik. Qonaq otağında məni Nina Nikolayevna və on dörd yaşlı oğulları Kiril salamladılar. Nina Nikolayevna olduqca zəngin süfrə açmışdı. Nahar bir saatdan artıq davam etdi. Süfrə yığışdırıldıqdan sonra Kiril üzr istəyərək öz otağına keçdi.

Stol ətrafında üçümüz qaldıqda Pavel Petroviç dedi:

– Hörmətli Bəhrəm Mərdan oğlu, Nina Nikolayevnanın dediyinə görə, mütaliəni çox sevirsiniz. Mütaliə etmədən dünyanı qavramaq çox çətindir. Rus klassiklərinə münasibətiniz necədir, onları hansı dildə oxumağa üstünlük verirsiniz?

Mən bir qədər susduqdan sonra dedim:

– Rus klassikləri, ad çəkməyəcəyəm, onlar çoxdurlar, rus xalqının həyatını sanki sözlə deyil, fırça ilə təsvir etmişlər. Onların təsvirləri o qədər parlaq və sərrasdır ki, qısa bir zamanda oxucunun diqqətini cəlb edir. İstər tənqidi, istərsə də qeyri-tənqidi əsərlərində onlar öz xalqını, vətənini sevə-sevə tərənnüm etmişlər. Bu baxımdan rus klassiklərinin yaradıcılığı böyük sevgiyə layiqdir. Mən onların bəzilərinin əsərlərini həm öz ana dilimdə, həm də rus dilində oxumuşam. Qətiyyətlə deyə bilərəm ki, rus klassikləri Azərbaycan türkcəsinə olduqca zəif tərcümə olunub. Rus dilində oxuyanda onların yüksək sənətkarlığına valeh olmaya bilmirsən.

Pavel Petroviç ciddi görkəm alaraq dedi:

– Rus klassiklərinin yaradıcılığına yanaşmanız çox orijinal oldu. Doğrusu sizin yaşda, həm də ədəbiyyatdan uzaq bir gəncdən bu qədər gözləmirdim.

Mən gülümsəyərək:

– Təşəkkür edirəm. Təkcə rus klasiklərini deyil, müasir rus yazarlarının əsərlərini, eləcə də Avropa və Amerika sənətkarlarının yaradıcılığını da onların ana dilində oxumaq ləzzət verir. Məsələn, Hemenqueyin, C.Londonun, V.Huqonun, O.Balzakın əsərlərini uyğun olaraq ingilis və fransız dilində oxuya bilmək əsl xoşbəxtlikdir, – dedim.

Pavel Petroviç:

– Deməli, siz ingilis və fransız dillərini də bilirsiniz, – dedi və təəccüblə mənə baxdı.

Mən asta səslə:

– Bəli! Bu dilləri hələ orta məktəbdə oxuyarkən öyrənməyə başladım, – dedim.

Pavel Petroviç:

– Əhsən sizə! İndi anladım ki, elmi rəhbəriniz Kiril Nikolayeviç nədən hər yerdə sizi tərifləyirmiş. Yeri gəlmişkən, qısa bir zamanda işləyib hazırladığınız yeni neyrocərrahi üsul həqiqətən olduqca dəyərlidir. Sizə yeni-yeni elmi nailiyyətlər arzulayıram. Məncə, toplanmış elmi materiallar əsasında orijinal məqalə yazıb “Neyrocərrahiyyə” jurnalında nəşr etdirməyinizin vaxtıdır. Bugünkü söhbətimiz məni olduqca məmnun etdi. Vaxtınız olan zaman bizə gəlin, sizinlə söhbət etmək çox maraqlıdır, – dedi.

O gündən etibarən Pavel Petroviç və Nina Nikolayevna, bu səmimi, təmənnasız rus ziyalıları mənim Moskvadakı ən yaxın dostlarım oldular. Dəfələrlə Bakıya dəvət etsəm də macal tapıb gələ bilmədilər, lakin evlərinin qapısı bir dost olaraq daim üzümə açıq oldu.

* * *

Ardı var

Babək XALİSTÜRK

Yazar-publisist



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac