İnsan amilinin yüksəlişi regional inkişafda başlıca hədəflərdəndir
(19-02-2019, 12:34)

İnsan amilinin yüksəlişi regional inkişafda başlıca hədəflərdəndirMüasir idarəetmə sistemi sosial sifariş amilinə əsaslanan strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, müəyyən zaman kəsiyində həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı ictimaiyyətin davamlı olaraq məlumatlandırılmasını da zəruri edir. Xalqa xidməti əsas hədəf kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. "Biz xalqın xidmətçisiyik” deyən dövlət başçısı ötən 15 ildə ayrı-ayrı məmurlara etimad meyarını da məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasına böyük əhəmiyyət verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans bunun daha bir əyani təsdiqi olaraq respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və ötən 15 ildə bölgələrin inkişafı məqsədilə həyata keçirilmiş tədbirlərin uğurlu nəticələr verdiyini deməyə ciddi əsaslar verir. Konfransın gedişi bir daha təsdiqləmişdir ki, regionların inkişafındakı pozitiv meyilləri təmin edən respublikamızın əldə etdiyi inanılmaz nəticələr ilk növbədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qoyulmuş bünövrəyə, fundamental iqtisadi bazisə söykənir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri əksini tapmış, bazar iqtisadiyyatına keçid və bununla əlaqədar insanların etibarlı sosial müdafiəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. İlk milli Konstitusiyamız ölkəmizin suverenliyinin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl sənəd olmaqla bərabər, iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini əsas hədəf kimi təsbit etmişdir.

Əsas Qanunun 15-ci maddəsində vurğulanır ki, "I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Dövlətin diqqətində olan sosial siyasətin konturlarını və vəzifələrini özündə əks etdirən 16-cı maddənin 1-ci bəndində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 14-cü (Təbii ehtiyatlar), 15-ci (İqtisadi inkişaf və dövlət), 29-cu (Mülkiyyət hüququ), 35-ci (Əmək hüququ), 38-ci (Sosial təminat hüququ), 59-cu (Sahibkarlıq hüququ) və digər bir sıra maddələri ölkəmizdə liberal iqtisadi fəaliyyət və etibarlı sosial müdafiə üçün dövlət səviyyəsində təminatın mövcudluğunu birmənalı təsdiqləyir.

Ulu öndərin əsasını qoyduğu islahatları bütün sahələrdə inamla davam etdirən, iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil olduğunu ilk gündən düzgün müəyyənləşdirən dövlət başçısı cənab İlham Əliyev rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ümumilikdə cənab İlham Əliyevin son 15 ildə imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuş, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin etmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlmişdir. İnkişaf, sosial təminat və infrastrukturyönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

Azərbaycan hökumətinin daha çox diqqət yetirməli olduğu problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin hələ 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ilk iqtisadi fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında, bir növ, baza rolunu oynamışdır. Fərmanda bölgələrin inkişafı məqsədilə bir sıra kompleks tədbirlərin reallaşdırılması da nəzərdə tutulmuşdu.

Şübhəsiz, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional balansın saxlanılması, iri şəhərlərlə rayonlar, kəndlər arasındakı kəskin fərqin azaldılması vacib amillərdəndir. Dövlət başçısı cənab İlham Əliyevin son 15 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, işsizliyin, yoxsulluğun minimuma endirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilk proqramın davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlmişdir.

Dövlət proqramlarında özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, yüksək idarəçilik təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və regionların inkişafında sanballı payı olan bu insanlara hərtərəfli dəstəyini əsirgəmir.

27 sentyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə birinci və ikinci proqramla həllini tapmamış problemlərin aradan qaldırılmasına yeni imkanlar açmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını və yaxın zamanlarda imzalanacağını diqqətə çatdırmışdır. Məsələ bundadır ki, ötən illərdə görülən tədbirlərə rəğmən, əlavə dəyərin formalaşdırılmasında özünü göstərən fərq sayca üçüncü regional dövlət proqramının qəbulunu zəruri etmişdir. Müqayisə üçün bildirək ki, 2016-cı ildə ÜDM istehsalında Bakı şəhərinin payı 77 faiz, regionların payı 23 faiz təşkil etmişdir. Eyni zamanda, hazırda kənd təsərrüfatı ölkə üzrə ÜDM-in cəmi 5-7 faizini istehsal edir. Halbuki əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regional inkişaf proqramlarının əsas hədəflərindən biridir və son 1 ildə bu istiqamətdə əhəmiyyətli irəliləyiş hiss olunmaqdadır.

Görülən tədbirlərin nəticəsi olaraq indi bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin etmişdir. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədinə sadiqliyinin əyani təcəssümüdür.

Ümumilikdə 2003-2018-ci illərdə respublikamızda ümumi daxili məhsul real həcmdə 3,3 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artmışdır. 2003-cü ildə Azərbaycanın cəmi 1,3 milyard manat təşkil edən dövlət büdcəsi son 15 ildə 15 dəfə artaraq 2018-ci ildə 23 milyard manata çatmış, strateji valyuta ehtiyatlarımız 24 dəfə artaraq 45 milyard dollara yüksəlmişdir.

Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə regionlarda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Odur ki, son 4 ildə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, habelə ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə apelyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin genişləndirilməsi; sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.

Regionların sosial-iqtisadi inkişafının ən ciddi nailiyyətlərindən biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasıdır. Bu fakt göstərir ki, "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. Başqa sözlə, müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar çərçivəsində müəyyənləşdiyi hazırkı mərhələdə enerji resurslarından asılılığı tamamilə minimuma endirmək məramını açıq ifadə edir.

Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ilin 11 aprel seçkiləri ölkədə siyasi liberallaşma və modernləşmə proseslərini daha da sürətləndirməklə səmərəli, şəffaf və hesabatlığa əsaslanan dövlət idarəçilik sisteminin formalaşmasına yeni imkanlar açmış, hakimiyyət komandasına yeni ruh və müasirlik çalarları gətirmişdir. Cənab İlham Əliyevin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi struktur və kadr islahatları - xüsusilə də müasir qlobal çağırışları obyektiv dəyərləndirməyi bacaran, yüksək intellektual səviyyəli, müasir menecer təfəkkürlü gəncləri yüksək dövlət postlarına təyin etməsi sistem islahatlarının yeni mərhələsinə yaxşı imkanlar açmışdır. Hökumət komandasındakı son dəyişikliklər dövlət rəhbərinin gənc, perspektivli və vətənpərvər kadrların irəli çəkilməsi yolu ilə idarəetmə sistemində şəffaflığı, səmərəliliyi, hesabatlığı təmin etmək istəyinin bariz təcəssümüdür.

Hər bir ölkədə hökumətin fəaliyyətinin səmərəlilik əmsalı xalqın sosial rifah səviyyəsi ilə ölçülür. Mübaliğəsiz deyə bilərik ki, tarixin heç bir mərhələsində Azərbaycan insanının sosial durumu indiki kimi yaxşı olmamışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artmışdır.

Azərbaycan ötən 15 ildə kifayət qədər iddialı görünən sosial layihələri reallaşdırmaqla sosial rifah dövləti olduğunu isbatlamışdır. Bu baxımdan respublikamızın 95 faizdən çox ərazisinin qazlaşdırılması, 70 faizinin içməli su, 100 faizinin elektrik enerjisi ilə təmin edilməsi, müasir yolların çəkilməsi, eləcə də vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması, əhalinin qaza və suya olan borclarının silinməsi, çadır düşərgələrinin ləğvi, yoxsulluğun, işsizliyin minimuma endirilməsi, hərbçilər, şəhid ailələri, əlillər, eləcə də mənzili olmayan aztəminatlı jurnalistlər üçün sosial evlərin inşası kimi tədbirləri xüsusi qeyd etmək olar.

Son aylarda dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisinin nəzərdə tutulması, minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manat müəyyən edilməsi bunun əyani göstəricisidir. Bununla da minimum əməkhaqqının məbləği parlament tərəfindən bir müddət əvvəl təsdiq olunmuş yaşayış minimumu ilə bərabərləşmiş, ehtiyac meyarı göstəricisini isə 26 faiz üstələmişdir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcəkdir - onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaqdır. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaqdır. Şübhəsiz, bu kimi sosial addımlar ölkənin iqtisadi qüdrəti, eləcə də regionların sosial-iqitsadi inkişafı dövlət proqramlarının uğurları nəticəsində reallaşır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Real” televiziyasına müsahibəsində dövlətin siyasətinin əsasında insan amilinin dayandığını bir daha vurğulamışdır: "Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”.

Bu gün Azərbaycan dövlətinin uğurlu iqtisadi siyasəti cəmiyyətin fəal sosial zümrəsi olan gənclərin də cəmiyyət həyatında mütəşəkkil qüvvə kimi təşkilatlanmasına, dövlət idarəçiliyində və cəmiyyətdə öz sözünü deməsinə imkan yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə gənclərlə görüşdə bəyan etidyi kimi, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır. Ümumilikdə bu gün dövlətin gənclər siyasəti dövlət idarəçiliyi üçün yeni təfəkkürlü, innovasiyaları dərindən mənimsəyən, tutduğu vəzifəni dövlətə və vətəndaşlara layiqli xidmət vasitəsi kimi dəyərləndirən müasir təfəkkürlü, kreativ ruhlu gəncliyin formalaşdırılmasına xidmət edir.

"ASAN xidmət” modeli çərçivəsində 17 min gəncin könüllülük fəaliyyətinə cəlb edilməsi də bunun əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev "Real” televiziyasına müsahibəsində bununla bağlı demişdir: "ASAN xidmət” mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət”i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət”i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər”.

Azərbaycan Pespublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri professor Əli Həsənov öz növbəsində dövlət başçısının könüllülük fəaliyyəti ilə bağlı çağırışının cəmiyyət üçün mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Könüllü fəaliyyətin cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydaları təbliğ etdiyini vurğulayan Əli Həsənov demişdir ki, bu missiya dövlət və özəl qurumlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır: "Müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər. Əlbəttə, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda, könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə "Könüllü fəaliyyət haqqında” qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş "Avroviziya” müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1” yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq”.

Əlbəttə, dövlətini, xalqını sevən müasir gənclik siyasi reallıqları obyektiv dəyərləndirmək imkanında olmalı, antimilli qüvvələrə qarşı barışmaz mövqe tutmalıdır. Çünki Azərbaycanın son illər Cənubi Qafqazda nüfuz sahibi kimi çıxış etməsi, iqtisadi qüdrətini artırması, müstəqil siyasət yeritməsi müəyyən dövlətləri və onların diktəsi ilə hərəkət edən antiazərbaycançı şəbəkəni, o cümlədən xalqın dəstəyindən məhrum olmuş ifrat radikal müxalifəti ciddi narahat edir. Bu qüvvələr yaxşı başa düşürlər ki, respublikamızın iqtisadi qüdrətinin ildən-ilə artması, sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması, əhalinin maddi rifah halının yaxşılaşdırılması yönümündə hökumət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirilməsi cəmiyyətdə siyasi sabitliyi möhkəmləndirməklə yanaşı, hakimiyyətin nüfuzunu daha da gücləndirir. Respublikamızın sosial-iqtisadi sahədə qazandığı böyük uğurları özünün onsuz da real olmayan hakimiyyət iddialarına sarsıdıcı zərbə kimi dəyərləndirən aqressiv müxalifət ictimai rəyi çaşdırmağa, real vəziyyəti təhrif etməyə yönəlmiş destruktiv fəaliyyətini yeni ampluada davam etdirməyə cəhd göstərir. Xüsusən də ölkədən xaricdə gizlənmiş ayrı-ayrı nihilist və inkarçı şəxslər sosial şəbəkələrdə özlərinə xas cığal və qeyri-sivil çıxışlar edərək Azərbaycandakı pozitiv inkişaf meyillərini təhrif etməyə çalışırlar. İnsanların həyatındakı müsbət irəliləyişləri görməzdən gələrək sivil və intellektual mübarizədən uzaq qaragüruhçu olduqlarını növbəti dəfə təsdiqləyirlər.

Belələrinin tam əksinə olaraq, Azərbaycanın sosial-iqtisadi sahədə son illər böyük uğurlar qazandığını, milli sahibkarlığın sürətlə inkişaf etdiyini obyektivlik hissini itirməyən bütün ölkə vətəndaşları, o cümlədən gənclər açıq etiraf edirlər. Həm də ona görə ki, Azərbaycan Prezidentinin özünəməxsus dinamizmlə reallaşdırdığı siyasət hesabına ölkə həyatında müşahidə olunan davamlı yüksəliş təkcə respublikanın pozitiv inkişafını müəyyənləşdirən fakt və statistik göstəricilərdə deyil, ilk növbədə vətəndaşların gündəlik rifahında, məişətində əksini tapır. Orta statistik azərbaycanlı isə respublikamızın əldə etdiyi uğurlu iqtisadi göstəriciləri gündəlik həyatında getdikcə daha qabarıq hiss edir, gələcəyə böyük ümid və inam bəsləyir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədəki mövcud bütün problemlərin həll olunacağına inanır, həyata keçirilən islahatları birmənalı dəstəkləyir.


İsaxan VƏLİYEV,

hüquq elmləri doktoru, professor


Ana səhifəyə qayıt
    Oxunub: 8700

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac