Deputatın oğlu və qohumlarına cinayət işi açıldı, həbslər var –Rəsmi açıqlama yayıldı
(19-08-2019, 16:48)

Deputatın oğlu və qohumlarına cinayət işi açıldı, həbslər var –Rəsmi açıqlama yayıldı Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Qanun-namine.info-ya daxil olan birgə məlumatda deyilir:

“Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir.

Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin baş vermə məkanı fiksasiya olunub, maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır”.


Ana səhifəyə qayıt
    Oxunub: 2610

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac