Gələn ildən məhkəmə sistemində ciddi dəyişikliklər olacaq
(30-10-2019, 09:16)

Gələn ildən məhkəmə sistemində ciddi dəyişikliklər olacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə məhkəmə-hüquq islahatları getdikcə dərinləşməkdədir.

Qanun-namine.info xəbər verir ki, bu il imzalanan normativ hüquqi aktlar paketinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, habelə həmin qanunların tətbiqini təmin edən müvafiq sərəncam və fərmanlar daxildir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcək.

Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq missiyasını başa çatdırmış hesab edilə bilər. Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir. İkili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir.

İnzibati məhkəmələr müstəsna olaraq inzibati orqanların hərəkət və hərəkətsizlikləri, inzibati aktları ilə bağlı olan mübahisələrə, o cümlədən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulduğu kimi vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxacaqdır. Bununla da Fərmanda verilmiş tapşırıq, yəni, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə bu sahədə ixtisaslaşmış vahid bir məhkəmə instansiyasında baxılmasının təmin edilməsi üçün institusional çərçivənin yaradılması göstərişi yerinə yetirilmiş olacaq.

Kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmaqla, bu zaman mülki prosessual normaları rəhbər tutacaqlar. Bundan əlavə, prosessual qanunvericiliyə edilən dəyişikliklər nəticəsində kommersiya məhkəmələrinin aidiyyətinə həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarına toxunan və hazırda rayon (şəhər) məhkəmələri tərəfindən baxılan bir sıra digər kateqoriyalara daxil olan işlər də aid ediləcək. Rayon (şəhər) məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bütün digər mübahisələrə dair işlərə baxacaqlar. Proqnozlaşdırmaq olar ki, kommersiya məhkəmələrinin yaradılması sahibkarların hüquqlarının təmin edilməsinin səmərəliliyini artırmaqla bütövlükdə ölkədə biznes mühitinin inkişafına önəmli töhfə verəcək.

Beləliklə, ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon (şəhər) məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcəkdir ki, bununla da bütövlükdə məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış olmasına yardım edəcək. Ədalət mühakiməsi sistemi daxilində iki yeni elementin yaradılması yalnız birinci instansiya məhkəmələri səviyyəsini əhatə etsə natamam olardı və qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verməzdi. Bu səbəbdən yeni dəyişikliklər bütün instansiya məhkəmələrini əhatə edir.

Belə ki, hazırda Ali Məhkəmədə və apellyasiya məhkəmələrində mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalar fəaliyyət göstərir. İnzibati və kommersiya məhkəmələri sistemlərinin ayrılması prinsipinin apellyasiya və kassasiya instansiyalarında da öz məntiqi davamını tapması üçün mövcud məhkəmə kollegiyalarının quruluşunda müvafiq dəyişikliklər edilərək, yuxarı instansiya məhkəmələrində də iki müvafiq kollegiya yaradılır.

Yuxarı instansiya məhkəmələrində fəaliyyət göstərən digər iki kollegiya, yəni, cinayət kollegiyası və hərbi kollegiya cinayət-prosessual normaları rəhbər tutmaqla aşağı instansiya məhkəmələrinin cinayət işləri üzrə hökm və digər yekun qərarlarından şikayət və ya protestlərə baxır. Burada yeganə fərqli cəhət hərbi kollegiyaların müharibə və hərbi xidmət əleyhinə olan cinayətlər, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlər üzrə ixtisaslaşmasıdır. Həmçinin statistik rəqəmlərin müqayisəsi göstərir ki, hərbi kollegiyalarda baxılan işlərin sayı kifayət qədər azdır.

Qeyd edilənləri nəzərə alaraq, apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulub. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırkı qaydada fəaliyyətlərini davam etdirəcəklər.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
21-noyabr-2019
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac