Neolit dövrünə aid yaşayış məskəni tapılıb –İsraildə + FOTO
(18-07-2019, 18:54)

Neolit dövrünə aid yaşayış məskəni tapılıb –İsraildə + FOTOİsrail arxeoloqları Qüdsün yaxınlığında neolit dövrünə aid yaşayış məskəni aşkar ediblər. Bu barədə məlumatı İsrailin Qədim Abidələr İdarəsi yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda İsraildə ən böyük və qədim, habelə dünyada ən iri yaşayış məskənlərindən birinin tapıldığı qeyd olunur. Bu tapıntının tarixinin 9 min il olduğu ehtimal edilir. Arxeoloqlar qeyd edirlər ki, bu yaşayış məskənində iki-üç min insan yaşayıb. Bu, dövrünə görə onu müasir şəhərlərin miqyası ilə müqayisə etməyə imkan verir. Qazıntılar zamanı həmin ərazidə böyük tikililərin, habelə ictimai və ibadət yerlərinin qalıqları da tapılıb. Bundan başqa, arxeoloqlar mindən çox nizə ucu, bəzək əşyaları və heykəlciklər tapıblar.

Arxeoloqların məlumatında qeyd olunur ki, binalar arasında döngələrin birləşdirdiyi küçələr həmin dövrdə yüksək şəhərsalma mədəniyyətinin olduğunu göstərir. Bu mühüm tapıntı elm dünyasında böyük marağa səbəb olub. Çünki bu yaşayış məskəni tapıntı ərazisi barədə həmin dövrə aid təsəvvürləri dəyişir. Əvvəllər hesab edirdilər ki, İudeya adlanan ərazi səhralıq olub və yaşayış məskənləri yalnız İordan çayının qarşı sahilində (indiki İordaniya ərazisində) və Levantanın şimal hissəsində (müasir Suriya və Livanda) olub.

Qazıntılar Qüdsdən 5 kilometr qərbdə – Sorek çayının sahilindəki məhsuldar torpaqlarda aparılır. Buradakı münbit torpaqlar 20 min il əvvəl insanların məskunlaşmasına səbəb olub. Tel-Əviv Universitetinin alimləri hesab edirlər ki, bu ərazilərdə neolit dövrü 11 min il əvvəl – insanların böyük evlərdə yaşadığı, maldarlıqla və əkinçiliklə məşğul olduğu vaxtlarda başlayıb. Tarixdə neolit dövrünün başlanmasının ilk məkanı Yaxın Şərq bölgəsi hesab olunur.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac