Şamaxı və Ağsuda 258 bulaq quraşdırılacaq
(22-05-2019, 17:06)

Şamaxı və Ağsuda 258 bulaq quraşdırılacaq"Azərsu" ASC dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb.

"Azərsu"dan verilən məlumata görə, Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunda isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. Bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 km olan magistral su xəttinin inşası nəzərdə tutulur. Magistral su kəməri üzərində 6 vantuz və 3 təzyiqırıcı quraşdırılacaq. Bağırlı, Ovçulu, Çöl Göylər və Qəşəd kəndlərində hər birinin tutumu 50 kubmetr olan su anbarları tikiləcək, Ləngəbiz kəndindəki mövcud su anbarı isə əsaslı təmir olunacaq. Şamaxı və Ağsu rayonlarının kəndlərində ümumi uzunluğu 40,3 km olan su xətləri çəkiləcək, əhalinin ümumi istifadəsi üçün 258 bulaq quraşdırılacaq.

Qeyd edək ki, indiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 km su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Layihənin icrası tam başa çatdıqdan sonra Şamaxı rayonunun Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunun Qəşəd və Ləngəbiz kəndlərin kəndlərinin 6 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək.


Ana səhifəyə qayıt
    Oxunub: 4611

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac