Paşinyana qarşı Qarabağ dirənişi - TƏHLİL
(7-03-2019, 11:45)

Paşinyana qarşı Qarabağ dirənişi - TƏHLİLErmənistanın eks-prezidenti Robert Koçaryan həbsxanada “168 saat” qəzetinə müsahibə verib.

O, mətbuata açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sərt bəyanatlarla çıxış edib. Belə ki, Koçaryan müsahibəsində “Qarabağın qaytarılmasına mane olacağam”, - deyə bildirib.

“Bu hakimiyyətə qalsa, heç nəyi istisna etmək olmaz. Bu və ya digər halda mən harada olmağımdan asılı olmayaraq, Qarabağın təhvil verilməsinə hər vəchlə mane olacağam. Əminəm ki, Qarabağı erməni kimliyinin ayrılmaz hissəsi sayan hər kəs bunu edəcək. Yeri gəlmişkən, bu, baş nazirdə və onun komandasının böyük əksəriyyətində olmayan bir şeydir. Onların Qarabağın müstəqilliyi və hərbi uğurları ilə heç bir əlaqəsi yoxdur və bu qələbə üçün mübarizə aparan hər kəsə nifrət edirlər”,-deyə Koçaryan Dağlıq Qarabağ probleminin “Bolton planı” adlanan təkliflər əsasında həlli ilə bağlı sualı cavablandırarkən deyib.

Siyasi şərhçilər hesab edir ki, Koçaryan bu tip bəyanatlarla dəstək qazanmaq istəyir. Çünki ermənilərin işğal altındakı torpaqlardan çıxmaq istəmədiklərini bilir və qıcıq bəyanatlarla Ermənistanın baş naziri Nikol Paşinyana qarşı dirəniş hərəkatı başlatmaq istəyir.

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Köçəryan hazırda siyasi dustaqdır, kriminal elementdir, amma bütün hallarda Azərbaycanın düşmənidir:

“Dağlıq Qarabağın işğal altında qalmasının əsas səbəbkarı da elə Koçaryandır. O, Qarabağ klanının ən parlaq nümayəndəsidir. Koçaryanın bəyanatında səsləndirdiyi fikirlər Paşinyana nifrət hissindən irəli gəlir. Əlbəttə, Koçaryan həbsdədir və onun torpağı qaytarmaq və ya qaytarmamaq imkanı yoxdur. Onun dövrü artıq sona çatıb. Ermənistanda elə bir qüvvə tanımıram ki, Qarabağı Azərbaycana qaytarmaq istəsin. Qarabağı ancaq özümüz, aparıcı təzyiq qüvvələrinin köməkliyi ilə azad edə bilərik. Burada nə Koçaryan, nə Paşinyan, nə də Sarkisyan bizə kömək ola bilməz. Onlar əslində bizim qəti düşmənlərimizdir”.

Politoloq hesab edir ki, Qarabağ klanı ilə Paşinyan komandası arasında ciddi fərq yoxdur. F.Sadıqovun sözlərinə görə, sadəcə olaraq Qarabağ klanı Qarabağ məsələsi ilə bağlı mövqeyini daha qətiyyətli şəkildə göstərir:

“Paşinyanın qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirak etməsi ifadəsinin arxasında başqa mənalar var. Bu, o deməkdir ki, Paşinyan Qarabağa məsuliyyət daşımadığını deyir. Paşinyan Qarabağın taleyini öz ümidinə buraxır. Bir növ Paşinyan deyir ki, Qarabağ problemini özləri yaradıb, özləri də həll etsin. Amma Qarabağ klanı ilə Paşinyan komandası arasında elə də radikal fərq yoxdur. Hər iki qüvvə Qarabağın qaytarılmaması üçün əlindən gələni edəcəklər.

Ola bilər ki, Qarabağ klanı bunu daha radikal və sərt şəkildə edirdi, Paşinyan isə yeni ifadələrlə vəziyyəti bir qədər yumşaltmağa çalışır. Paşinyanın bu addımı isə görüntü xarakteri daşıyır.

Paşinyan yeni rəhbər kimi artıq başa düşür ki, Qarabağ problemi Ermənistanın sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir. Hətta Paşinyan Avropa Komissiyasında çıxışı zamanı da bunu açıq şəkildə bəyan etdi. Hər iki tərəfin silahlanması da Ermənistanın xeyrinə deyil. Paşinyan bu məsələyə sağlam yanaşır və başa düşür ki, Ermənistan bu məsələdə uduzan tərəfdir. Hesab edirəm ki, Azərbaycan Ermənistanı təcrid vəziyyətində saxlamaqla, onların belə sağlam düşünməsinə səbəb olur. Düşünürəm ki, Azərbaycan təzyiqlərə davam etməli, silahlandırmanı dayandırmamalıdır. Hesab edirəm ki, bu məsələdə daha israrlı olmalıyıq, çünki haqlıyıq”.


Ana səhifəyə qayıt
    Oxunub: 1131

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac